“Barselona”nın yarımmüdafiəçisi Andre Qomes komandada xoşbəxt olmadğını deyib.

Offsideplus.az xəbər verir ki, 24 yaşlı futbolçu İspaniya mətbuatına açıqlamasında son vaxtlar özündə yaranan ruh düşkünlüyündən danışıb:

“Meydanda özümü yaxşı hiss etmirəm. Həmişə sevdiyim şeydən indi heç bir zövq almıram. İlk altı ayda hər şey yaxşı idi, lakin sonradan hər şey dəyişdi. Burdakı altıncı ayımdan sonra həyat cəhənnəmə çevrildi. Üzərimdə həddən artıq təzyiq hiss etməyə başladım. Oyun zamanı özümü pis hiss edirəm.

Ancaq məşqlərdə hər şey yaxşıdı. Komanda yoldaşlarımla birlikdə olanda özümü yaxşı hiss edirəm. Bəlkə də, bir gün öncə keçirdiyim oyunu ağlımdan çıxara bilmədiyimə görə belə olur.

Bir çox səbəbə görə evdən çıxmaq istəmirəm. Çünki insanlar sənə baxır və utanmaq hissi küçəyə çıxmağa imkan vermir. Evdə olduqda özümlə baş-başa qalıram, heç kimlə danışmır, heç kimi narahat etmirəm. Deyəsən, utanıram. Bunları həddən artıq düşünmək məni çox kədərləndirdi. Həmişə pis şeylər fikirləşirəm və bunlarla necə mübarizə aparacağımı düşünürəm. Komanda yoldaşlarım mənə çox dəstək olurlar, lakin işlər onların dediyi kimi getmir”.

Xatırladaq ki, “Barsa”ya 2016-cı ildə, “Valensiya”dan 35 milyon avro qarşılığında trasfer edilən Qomes, burda ümidləri doğrultmayıb.

Portuqaliyalı futbolçu cari mövsümdə 11-i start heyətində olmaqla, cəmi 26 oyunda şans qazanıb.