Əfsanəvi Dieqo Maradonanın karyerası ərzində nə qədər pul qazandığı açıqlanıb.

Offsideplus.az xəbər verir ki, noyabrın 25-də ürək tutmasından vəfat edən Maradona karyerası boyunca 500 milyon dollar gəlir əldə edib. Belə ki, argentinalı ulduzdan paytaxt Buenos-Ayres və şəhər kənarında 5 mülk və 4 avtomobil miras qalıb. Onun aktivləri müxtəlif ölkələrə səpələnib. Maradonanın İtaliya, Kuba və Venesueladakı müəssisələri barədə az bilgilər var.

Bundan başqa mərhum Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində 500 min avroluq avtomobillər saxlayıb. Ona Brest "Dinamo"sunun fəxri prezidenti olduğu vaxt Belarusda "Hunta Overcomer" markalı amfibiya yük maşını, habelə 300 min avroluq brilliant üzük hədiyyə olunub.

Maradonanın bir neçə iri şirkətlə, o cümlədən, "Puma" və "Konami", "EA Sports" kimi kompüter oyunları istehsalçıları ilə müqavilələri olub.

Lakin ümumi hesablamalara əsasən, əfsanəvi futbolçunun cari əmlakı 75 - 100 milyon avro olub. Habelə, 200 milyon ABŞ dolları səsləndirilir. Amma bu məbləğdən böyük vergi çıxılmalıdır.

Daha əvvəl dostu, argentinalı jurnalist Luis Ventura Maradonanın demək olar ki, heç nəyinin qalmadığını açıqlayıb. O bildirib ki, mərhumun əmlakının bir hissəsi oğurlanıb, qalanlarını isə özü paylayıb və "Ximnasiya"nın baş məşqçisi kimi aldığı adi əmək haqqı ilə dolanıb. 2019-cu ildə Maradona heç bir miras qoymayacağını və bütün vəsaitini xeyriyyəçiliyə sərf edəcəyini açıqlayıb (Report).