27 fevral 2020-ci il tarixdə Azərbaycan Autizm Assosiasiyasının illik təqvim planına uyğun olaraq Azərbaycan Milli Paralimpiya Komitəsinin təşkilatçılığı və Respublika Diaqnostika Mərkəzinin sponsorluğu ilə autizmli uşaq və gənclər arasında bocce yarışı keçirilib.

Offsideplus.az qurumun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Autizm Assosiasiyasının baş katibi Azər Allahverənov qeyd edib ki, belə bir yarışın keçirilməsi ona görə əlamətdardır ki, bu gün həmin yarışda təmsil olunan idmançılar, o cümlədən autizmli uşaq və gənclər ilk dəfə olaraq Azərbaycanda autizmli və xüsusi qayğıya ehtiyacı olan şəxslər arasında bocce yarışında iştirak edirlər. O da qeyd olunub ki, ilk dəfə İtaliyada yaradılan bocce idman növü bu gün xüsusi qayğıya ehtiyacı olan insanların reabilitasiyasında mühüm rol oynayır.

Bocce idman növü autizmli uşaqların əsasən əl hərəkətlərinin və zehni inkişafına çox böyük təsir edir. Çıxış zamanı xüsusilə bildirilib ki, təşkilatçılar ümid bəsləyirlər ki, autizmli uşaqlar və gənclər arasında ilk dəfə keçirilən bu yarış sonradan bocce idman növünün tanıdılmasına, məşhurlaşmasına və nəticədə bir hərəkata çevrilməsinə xidmət edəcək. Gözlənilir ki, qısa müddət ərzində bocce idman növü ətrafında kifayət qədər çox tərəfdarları toplamağa müvəffəq olacaq və milli səviyyədə keçirilən idman yarışlarının qalibləri beynəlxalq turnirlərdə iştirak edəcəklər.

Ümumilikdə, 16 komandanın və 60-dan çox idmançının iştirakı ilə təşkil olunan yarış bir neçə mərhələdən ibarət olub və yekun nəticələrə görə "Loqos” Psixoloji Nitq və İnkişaf Mərkəzinin idmançıları 1-ci və 2-ci, Xüsusi Qayğıya Ehtiyacı Olan Şəxslərin Psixofizioloji Reabilitasiya Mərkəzinin idmançıları isə 3-cü yerin qalibləri olublar. Bütün qaliblər kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Yarışın sonunda qaliblərin iştirakı ilə xatirə şəkili çəkilib.