Azərbaycan Prezidenti İlham Əliyev şahmatçı Aydın Süleymanlıya təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunda deyilir:

"Əziz Aydın,

Hindistanda oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatında 14 yaşlılar arasında qələbə qazanmağın münasibətilə səni ürəkdən təbrik edirəm.

Sən ilk turlardan yarışa liderlik edərək turniri qələbə ilə başa çatdırdın və həmyaşıdların arasında şahmat üzrə dünya çempionu adını qazanaraq şahmat tariximizdə daha bir parlaq səhifə açdın.

Sənə ən xoş arzularımı yetirir, yeni-yeni qələbələr diləyirəm".

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da yeniyetmə şahmatçımız Aydın Süleymanlını Hindistanda 14, 16 və 18 yaşlı oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatında qalib olması münasibətilə təbrik edib.

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi “Instagram” səhifəsində edilən paylaşımda deyilir:

“Yeniyetmə şahmatçımız Aydın Süleymanlının Hindistanda 14, 16 və 18 yaşlı oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatının qalibi olması xəbəri hər birimizə ancaq qürür və sevinc hissi yaşada bilər. Dünya çempionu titulu uğrunda yarışlarda qələbə qazanmağı münasibətilə Aydını ürəkdən təbrik edir, ona yeni-yeni nailiyyət və qələbələr arzulayıram!”