Bu gün AFFA-nın inzibati binasında Hakimlər Komitəsi tərəfindən Kütləvi İnformasiya Vasitələri nümayəndələri üçün seminar keçirilib.

Offsideplus.az xəbər verir ki, Hakimlər Komitəsinin sədri Frits Stuxlikin rəhbərliyi və departament rəhbəri Cavid Cəlilovun iştirakı ilə keçirilən seminarda əvvəlcə AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla çıxış edərək iştirakçıları salamlayıb. Ardınca Stuxlik seminarın proqramı barədə məlumat verib.

Proqrama uyğun olaraq, əvvəlcə 20 videoçarxdan ibarət viktorina keçirilib. İştirakçılar videçoçarxlarda izlədikləri epizodlarda hakimin qaydalara uyğun olaraq hansı qərarı verməli olduğu barədə xüsusi blanklarda qeydlərini aparıblar. Sonra Stuxlik Oyun Qaydalarına edilmiş əlavə və dəyişikliklərlə bağlı ətraflı məlumat verib. Fasilənin ardınca oyunlarda mübarizə epizodları, penalti zərbələri, ofsayd qərarları, həmçinin ötən mövsüm Azərbaycan Premyer Liqasında qeydə alınmış maraqlı məqamlardan ibarət videoçarxlar nümayiş olunub, sual-cavab formatında müzakirələr aparılıb. Bundan başqa, videoçarxlardan ibarət viktorinada nümayiş olunmuş sualların düzgün cavabları barədə izahlı məlumat verilib.

Premyer Liqa və Birinci divizion hakimlərindən müxtəlif testlər götürmək üçün Bakıda səfərdə olan “Complex Core” şirkətinin nümayəndəsi Thomas Taro Netzer keçiriləcək testlər barədə təqdimatla çıxış edib.(matc.az)

Müxtəlif saytların və televiziyaların nümayəndələrinin, eləcə də AFFA-nın və Peşəkar Futbol Liqasının əməkdaşlarının iştirakı ilə keçirilmiş seminara xatirə şəkli çəkdirilməklə yekun vurulub.