UEFA Avropa Liqasının Bakıda keçiriləcək final matçının qalibi bu turnirin gələn mövsüm üçün konturlarını təyin edəcək.

Həlledici görüşdə kimin qələbə qazanmasından asılı olaraq 2019/2020 mövsümündə birbaşa qrup mərhələsində çıxış edəcək komandalarda dəyişiklik olacaq.

Belə ki, Avropanın ikinci dərəcəli klub turnirinin qrup mərhələsinə 17 klub birbaşa vəsiqə əldə edəcək. Onlardan 11-i artıq məlumdur.

“Xetafe”, “Sevilya” (hər ikisi İspaniya), “Arsenal”, “Mançester Yunyetd” (hər ikisi İngiltərə), “Latsio”, “Milan” (hər ikisi İtaliya), “Borussiya M.”, “Volfsburq” (hər ikisi Almaniya), “Renn”, “Sent-Etyen” (hər ikisi Fransa), “Spartak” (Rusiya), “Sportinq” (Portuqaliya), “Aleksandriya” (Ukrayna), “Mexelen” (Belçika), “Beşiktaş” (Türkiyə), “Volfsberger” (Avstriya) və “Luzern” (İsveçrə) “xoşbəxtlər” sırasında özlərinə yer ediblər.

Ancaq əgər bu komandaların arasında qərarlaşmış “Arsenal” Bakıdan qalib kimi dönsə, daha səviyyəli turnirdə - Çempionlar Liqasında yer alacaq ki, ondan boşalan yerə UEFA reytinqində 13-cü olan ölkənin komandası sahib çıxacaq. Bu isə Çexiya təmsilçisi “Sparta” (Praqa) olacaq.

Ümumilikdə isə Avropa Liqasında 48 komanda çıxış edəcək.

Onlardan 17-si birbaşa qrup mərhələsinə çıxacaq

21-i Avropa Liqasının pley-off mərhələsində qələbə qazanıb qrupa düşəcək

6-sı Çempionlar Liqasının pley-off mərhələsində uduzub Avroliqa qrupuna yollanacaq

4-ü isə Çempionlar Liqasının III təsnifat mərhələsində uduzub Avropa Liqasına yoluna davam edəcək. matc.az