Leo yeni topunu yorğanının altında gizlətmişdi. Atası otağa daxil olanda soruşdu: "Yeni dostun kimdi?” Leo gülümsəyərək topu göstərdi.
Bir il sonra dəyişən tək şey topun vəziyyəti idi. Atası yenə yatmamışdan əvvəl Leonun ziyarətinə gəldi. Amma bu səfər Messinin topundakı yırtıqlar asanlıqla seçilirdi. Rosarionun kələ-kötür küçələrində onunla o qədər oynamışdılar ki...
 
Xorxe: "Ümid edirəm, topu yerinə salmamışdan əvvəl onun üzərindəki kiri təmizləyirsən”. Leo dərhal cavab verdi: "Tərtəmizdi, ata”. Yalan danışarkən, bir tərəfdən də topun üzərinə tökülən palçığı əli ilə silkələyirdi. Xorxe bunu görməmiş kimi davrandı və onun yanına oturdu: "Dua etmisən?” "Hə, ata. Tanrıdan boyumun uzun olmasını istədim”, – deyə Leo cavabladı.
 
Xorxe oğlunu başdan-ayağa süzdü. Leonun boyuna görə narahatlıq keçirməsi atasını da incidirdi. Bəlkə də, onun qədər bu problemin həllini tapmasını istəyən biri yox idi. Odu ki, sözlərinə belə davam etdi: "Mən də, Leo, Allahdan mən də eynisini diləyirəm. Qulaq as, "pibe” haqqında danışılanları eşitmisən?”
 
- "Pibe”, yəni uşaq?
- Hə, amma "pibe” haqqındakı hekayə kəlimənin özünün anlamından daha böyükdü. Söhbət futbol oynamağı küçələrdə öyrənən argentinalı bir uşaqdan gedir. Həmin küçələrdə topu uzun müddət özündə saxlaya bildinsə, deməli, top həmişəlik sənindi.
- Maradona kimi?
- Hə, eynən. Amma o, bizim dövrümüzün "pibe”sidi.
- Onda bu hekayə Maradona haqqındadı?
- Yox, oğlum. Bu hekayə sənin haqqındadı.
 
Atasının sözləri Leonun çox xoşuna gəlmişdi, çünki uşaq olsa da, böyüyəndə futbolçu olmaq istəyirdi. Xəyalı Maradonanın bir gün onun məşqçisi olması idi. Atasına baxaraq gülümsədi və gözlərini yumdu. Xorxe hekayəni bitirmədən Leo yuxuya daldı və həyatının, bəlkə də, ən gözəl yuxusunu gördü.
 
Daha öncə heç belə yuxu görməmişdi. Röyada hadisələr Leonun yaşadığı məhəllədə cərəyan edirdi: balaca Messi evlərinin arxasında - həmişə futbol oynadıqları boş ərazidə elə hey topla doqquzluğu hədəf alırdı. Leo birdən qapqara geyinmiş qapıçının, əslində, qəhrəmanı Maradona olduğunun fərqinə vardı. Dieqo iki taxtadan düzəldilmiş qapının tam ortasında dayanmışdı. Leo təəccüblənsə də, Maradona heç nə olmamış kimi, ona səslənirdi: "Dayanma, Leo, zərbə vur. Bu, sənin oyunundu, "pibe”.
 
Messi topu ayağına alıb, "slalom" etdikdən sonra sağ ayağını göstərib, sol ayağı ilə zərbə endirdi və top Maradonanın başının üzərindən keçərək qapıya daxil oldu. Leo sevinc hissi ilə əllərini havaya qaldıraraq Maradonaya baxırdı. Qəhrəmanının üzüləcəyini gözləsə də, Maradona gülümsəyirdi.
 
Ardınca Dieqo Leonu havaya atdı: "Bu, əla idi, Leo. Sehr kimi idi - bizim sehrimiz”. Leo aşağı baxanda getdikcə balacalaşan Maradonanı görürdü. Dieqo Leoya bir də səsləndi: "Sən həqiqətən də "pibe”sən".
 
Leo yuxusunda deyirdi: "Pibe”nin sən olduğunu düşünürdüm, Dieqo". Maradona: "Mənəm, Leo. Ancaq növbəti sənsən. Artıq sənin sırandı”.
 
Anidən gözünə düşən günəş işığı onu yuxudan oyatdı. Balaca Messi qalxar-qalxmaz "əlaaa” deyə bağırdı. Anası və nənəsi dərhal otağa gəldilər:
 
Nənə Seliya: Əla olan nədi belə?
Leo: Yuxu, nənə, gördüyüm ən gözəl yuxu idi. 
S.: Yaxşı, onda yolda mənə yuxunu danışarsan, Qrandoliyə gedirik.
L.: Ora futbola baxmağa gedirik?
S.: Qrandolidə etmək istədiyin təkcə budu? Sadəcə oyunu izləmək?
L.: Yox. Mən oynamaq istəyirəm.
S.: Afərin sənə.
L.: Ancaq bir şey var: Qrandolinin futbol komandasında oynaya bilmərəm.
S.: Əlbəttə ki, oynaya bilərsən. Hələlik xəbərləri yoxdu, ancaq sənin kimi bir oyunçuya ehtiyacları var. Həm də şəhərin ən pis komandasına düşmək üçün hər gün cəhd etmək imkanı olmur ki...
 
Qeyd: Maradonanı futboldakı istedadına görə "el pibe de oro” (qızıl uşaq) deyə çağırardılar.
 
 
Maykl Part - "The Flea" kitabı
Sport7.az