Bu gün keçiriləcək “Borussiya” – “Köln” oyunundan öncə qonaqların baş məşqçisi Markus Gizdol rəqibin yeni transferi Erlinq Holandı saxlamağın yolundan danışıb.

Offsideplus.az xəbər verir ki, alman mütəxəssis norveçli hücumçunu zərərsizləşdirmək üçün “avtobus”dan istifadə edəcəklərini deyib:

“Bizim böyük klub avtobusumuz var. Hər səfərə də onunla çıxırıq. Holandın qarşısını kəsmək üçün həmin avtobusu meydana sürmək istəyirik. Ya da elə stadiona 3 avtobusla çıxsaq, işimizin öhdəsindən gələ bilərik. Əslində, Borussiyanın Roys, Getse, Azar və Sanço kimi əla hücumameyilli oyunçuları var. Holandı almaqla daha da gücləndilər. Amma tək onu zərərsizləşdirmək haqda fikirləşsək, böyük səhvə yol vermiş olarıq”.  

Qeyd edək ki, “Borussiya” – “Köln” matçı saat 23:30-da başlayacaq.