Təxmini 1 ay sonra, daha dəqiq 18/19 avqustda klublarımızın avrokuboklarda mübarizəsi başlayır.
Komandalar isə uzun müddətdir koronavirus pandemiyasına görə tətbiq edilən karantinlə əlaqədar olaraq məşq edə bilmirlər. Bu barədə yeganə qərar sərt karantin rejiminin tətbiq olunduğu 20 iyuladək açıq havada idman yarışlarının keçirilməsinə qoyulan qadağadır. Klubların hazırlıq, turnirlərdə iştirak məsələsi idman jurnalistlərindən başqa kimisə narahat etmirmiş kimi görünür. Daha doğrusu, ola bilməz ki, mövcud durum klubları narahat etməsin, ancaq danışacaq cəsarəti olan yoxdur. Gənclər və İdman Nazirliyi susur, AFFA susur, PFL susur, "Qarabağ", "Neftçi", "Keşlə" və tarixində ilk dəfə avrokuboklarda iştirak etmə şansı qazanan "Sumqayıt" rəhbərliyi susur. Bu klubların hansı futbolçusu Operativ Qərargaha, Baş Nazirə, AFFA-ya, Gənclər və İdman Nazirliyinə xitab edən bir fikir səsləndirib və ya yazıb? Heç biri...
Halbuki, o sosial şəbəkələrin şəkil və "story" paylaşmaqdan daha geniş və güclü imkanları var. Qısa müddət əvvəl "Mançester Yunayted"in gənc ulduzu Markus Reşfordun İngiltərədə yeni qəhrəmana çevrilməsini xatırlayaq. 22 yaşlı yarımmüdafiəçi bunu qol vuraraq, ötürmə və ya driblinq edərək deyil, hökumətin qərarını dəyişməklə bacardı.
İngiltərədə yay tətilində olan məktəblilər üçün yemək kuponları ləğv edilmişdi. Bu kasıb ailələrdən olan 200 minə yaxın uşağın ac qalması demək idi. Məsələ ilə bağlı ilk reaksiya İngiltərə millisinin üzvündən gəlir. Markus Reşford parlamentə açıq məktub yazaraq qərarı dəyişməyə çağırır.
“İnsanların xeyirxahlığı və səxavəti olmasaydı, bu gün gördüyünüz Markus Reşford olmazdı. 10 il əvvəl mən də o uşaqlardan biri ola bilərdim. Bəlkə də, indi siz mənim səsimi eşitməzdiniz” - ifadələrini işlədən oyunçu izləyicilərinə də müraciət edərək məktubu paylaşaraq dəstək olmağa səsləyir. Baş Nazir əvvəlcə futbolçunun müraciətini qəbul etməsə də, sonradan KİV-in və sosial şəbəkə istifadəçilərinin təzyiqindən sonra hökumət sistemi yenidən bərpa edir. Hətta proqramın inkişafı üçün əlavə 134 milyon dollar da vəsait ayrılır.
Nazirin sözçüsü qərarın dəyişməsində Reşfordun rolunun olduğunu gizlətmir: "Baş Nazir Reşfordun yoxsulluqla mübarizədəki rolunu qiymətləndirir və idmançı kimi belə mövzularda öz mövqeyini ortaya qoymasına hörmətlə yanaşır".
Premyer Liqanın digər klublarının rəsmi səhifələri və vətəndaşlar "Mançester Yunayted"in futbolçusu barədə paylaşımlar edərək, onun ünvanına xoş sözlər işlədirlər. Futbolçu isə "Biz bunu birlikdə bacardıq" deyir.
Bizə gəlincə, idmançı nüfuzundan da məhrumuq. Bu günədək ölkədə baş verən hansı hadisə zamanı azərbaycanlı futbolçular/idmançılar ortaya mövqe qoyublar? Hansı qərara, hadisəyə reaksiya veriblər?
Aidiyyatı qurumların susduğu məqamda futbolçuları qınamaq da olmur. Ola bilsin, ürəklərindən hansısa hadisəyə reaksiya vermək keçsin, ancaq obyektiv və subyektiv səbəblərdən bunu etməsinlər. Digər tərəfdən də düşünürsən ki, 2 kəlmə "havadan-sudan" danışacağın futbolçu/idmançı "mətbuat xidmətindən icazə alın, sonra danışaq, bizə icazə yoxdur" deyirsə, biz nəyin söhbətini edirik?!