"Araz-Naxçıvan" öz meydanında 30-cu qələbəsini bayram edir.

Offsideplus.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Misli Premyer Liqasının XXXIII turunda "Zirə" üzərində qazanılan dramatik qələbə (3:2) Naxçıvan təmsilçisi üçün əlamətdar olub. Bu, komandanın yüksək dəstədə rəsmən 30-cu ev qələbəsi kimi tarixə düşüb.

Muxtar Respublika təmsilçisi doğma divarlar arasında çıxdığı 74-cü qarşılaşmada bu rəqəmə çatıb. Geridə qalan digər ev oyunlarında komanda 20 heç-heçə edib və 24 dəfə meydanı məğlub tərk edib.

Maraqlıdır ki, klubun elitadakı ilk ev qələbəsi 2000/2001 mövsümünə təsadüf edir. 2001-ci il martın 12-də Qubanın "Şahdağ" klubu ilə matç baş tutmadığı üçün naxçıvanlılara texniki qələbə (3:0) verilmişdi.