Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət milli komandamız son hazırlıq matçında Albaniyalı həmyaşıdları ilə qarşılaşıblar.

Offsideplus.az xəbər verir ki, yığmamızın 1:0 hesablı qələbəsi ilə yekunlaşan matçı izləyən əsas yığmanın baş məşqçisi Qurban Qurbanov oyundam sonra qısa açıqlama verib.

- Oyun haqqında nə deyə bilərsiz?

- İlk gündən fikrimi bildirmişdim. Çox bəyəndim, əsas da uşaqların nizam-intizamı xoşuma gəldi. Bu gün də matç elə maraqlı idi ki, sona yaxın mübarizə artmışdı, istəmirdim oyun bitsin. Belə görüşlər çox vacibdi. Hiss olunurdu ki, Albaniya millisi də xarakterli komandadı. Layiqli qələbə qazandılar. Komandadan xoşum gəldi. Hər oyun daha da artırırlar.

- Artıq 4 oyun keçirmiş U-21 ən çox tənqid olunan komanda idi. İndi necə düşünürsüz, bu gənclər əsas milliyə kimi yüksələ bilərlərmi?

- Maraqlandığım oyunçular var. Bu gün biz desək ki, bu oyunçular hamısı mütləq millidə oynayacaqlar, yanılarıq. Amma özlərini göstərsələr, təkcə millinin heyətində deyil, kənarda da yaxşı çalışsalar, futbola daha çox vaxt ayırsalar yaxşı olacaq. Düşünürəm ki, Rəşad hər oyunçu ilə ayrıca maraqlanacaq, onları milli üçün hazırlayacaq.

- Artıq bu komandadan Bəhlul Mustafazadə və Anton Krivotsyuk ilk dəfə yığmaya çağrılıblar. Bu oyunçulara həqiqətən ehtiyac var idi, yoxsa sadəcə ab-havanı hiss etmək üçün dəvət etmisiz?

- Bu oyunçuların üzərində çox çalışmaq lazım olacaq. Desəm ki, əsas heyət üzvü kimi çıxış edəcəklər, bu düz olmaz. Onlar özləri də narahat olarlar. İstədim ki, daha yaxından tanıyım və diqqət ayırım. İndidən millidə olmağın həyəcanını hiss etsinlər. (apasport)