Misli Premyer Liqasının 14-cü turunun "Sabah" - "Qarabağ" oyunundan (1:2) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
Offsideplus.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:
- Futbolçularımı təbrik edirəm. Nəticə bir yana, çox yaxşı oyun keçdi. Dinamik matç oldu. Səhvlərimiz çox oldu, xüsusilə, ilk hissədə. Bunu normal qəbul edirəm. Fasilədən sonra komandanın cəm şəklində hazırlığı fərqli olur. Bəzilərində yorğunluq var idi. Belə komandalara qarşı oyunlar xoşdur. Bəlkə də, "Sabah" bu gün məğlub olmağa layiq deyildi. Getdikcə daha yaxşı olacaqlar. Hər bir halda, üç xal qazandıq. Azarkeşlərə yaratdıqları atmosferə görə təşəkkür edirəm.
- Bugünkü oyun "Molde" ilə matç öncəsi nələri görməyə kömək oldu?
- Oyunun faydası olacaq. Amma "Molde" fərqli sistemdə oynayır. Bu oyundakı səhvlərdən nəticə götürülməlidir. "Molde" evində oynayır, böyük təzyiq göstərəcək. Mənə vacib olan futbolçuların formasını qaytarmasıdır. Bugünkü matç bu baxımdan faydalı olacaq.
- Patrik Andradenin oyununu necə dəyərləndirirsiz?
- Məncə, çox irəliləyiş var. Komandaya dünən qoşulublar, heç məşq də etməyiblər. Bu gün əsas heyətdə meydana buraxmaqla risk etmək istəmədim. Patrik son vaxtlar yaxşı proqram üzrə çalışır, məşqlərin ən yaxşı larındandır.
- Lunyova iradınız oldu. Ona nə dediniz?
- Oyun epizodu idi. Fasilədə ona fikirlərimi bildirdim.
- "Molde" səfərinə bir gün qalmış gedəcəksiz. Bu, komandaya problem yaratmayacaq?
- 6 gün sonra oynayacağıq. Əvvəlcə iki gün əvvəl getməyi düşünürdük. Lakin ayın 27, 28-dəki məşqlərimiz çox vacibdir. 6 günlük vaxt olduğu üçün istədiyimiz məşqləri burada etməyi düşündük. Matç günü səhər məşqimiz olacaq. Həm də orada hava çox soyuqdur. Futbolçuları psixoloji olaraq da yormaq istəmədik.
- Romaonun yoxluğu necə təsir edəcək?
- Bu elə oyundur ki, burada istənilən dəyişikliklər təsirini göstərir. Olmaması təsir edə bilər. İnşallah, digər oyunçular sağlam olarlar. Romaonun yoxluğu ciddi itki sayıla bilər.
- "Molde"ni izləmisiniz, ilk oyundan sonra hansı dəyişikliklər var?
- İllərdir, eyni sistemlə oynayırlar. Öz meydanlarında dinamik futbol oynayırlar. Həm də süni örtüklü meydana öyrəşiblər.
- Oyunun idarəçiliyini necə dəyərləndirərdiz?
- İki komanda tərəfdən narazılıq var idi. Bəzi epizodlarda səhvlər, diqqətsizlik oldu. Çox böyük irad bildirmədik. Ciddi narazılığımız yoxdur.
- Millinin yeni baş məşqçisinin tapılması üçün işçi qrupu yaradılacaq. Onlara hansısa tövsiyələriniz olacaq?
- Belə səlahiyyətim yoxdur. İşçi qrupunda özləri olacaq. Toplananların yerini dəyişəndə cəm dəyişmir. Dəqiq kimlərin olacağımı bilmirəm. Yəqin, İcraiyyə Komitəsinin üzvləri və təcrübəli məşqçilər olar. Mənim tövsiyə vermək səlahiyyətim yoxdur.
- Məşqçi sizcə, yerli olmalıdır, ya əcnəbi? Və sizin də adınız hallanmır.
- Xahiş edirəm, belə sualları mənə verməyin. Onların işidir, qarışmaq istəmirəm. Bu haqda fikir bildirmək istəmirəm. Adı hallanan məşqçilər var. Lakin gedişat dəyişmir, hər dəfə eyni proqram üzrə gedilir.