Cüdo üzrə Azərbaycan myığma komandasının sabiq üzvü, 2016-cı il Rio Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rüstəm Orucov Yaponiyanın nüfuzlu və elit cüdo klubu sayılan “Park-24”də təlim keçir.
Offsideplus.az xəbər verir ki, təlimin əsas məqsədi texnikaların təkmilləşdirilməsinə, proqramların formalaşdırılmasına və müxtəlif yaş qrupları üçün uyğunlaşdırılmış məşq strategiyalarının hazırlanmasına yönəlib.
Yaponiya yığmasının əsas üzvləri təlimdə məşq edirlər.
R.Orucov Yaponiyanın müxtəlif şəhərlərində yerləşən klubların, institutların və idman təşkilatlarının fəaliyyəti və məşqləri ilə tanış olub. O, bununla bağlı təəssüratlarını bölüşüb: “Burada cüdoya özünəməxsus tərzdə yanaşılır. Strukturlar və tədris sistemləri fərqlidir. İndi yaponların niyə bu qədər güclü olduqlarını daha yaxşı başa düşürəm. Onlar ciddi rejimə riayət edirlər və intensiv fiziki hazırlıq keçirlər. Yaponlar Azərbaycan cüdosuna böyük maraq göstərirlər və buradakı idmançılar mənimlə məşq etməyə can atırlar. Azərbaycana qayıtdıqdan sonra burada olduğum müddətdə əldə etdiyim təcrübəmi bölüşəcəyəm”.
Qeyd edək ki, təlim noyabrın 7-nə qədər davam edəcək.