Azərbaycanlı kikboksçu Zabit Səmədov “Yekəayaq” ləqəbli Antonio Silva ilə döyüşə çıxmadan öncə  “Dəniz Mall”da mətbuat konfransında iştirak edib. 

Offsideplus.az xəbər verir ki, mətbuat konfransından öncə döyüşçülərin çəkiölçmə mərasimi baş tutub. 

65 kq Nikita Kostermann (Niderland) – Kübra Aksoy (Türkiyə)

64,5 kq Nuri Kacar (Türkiyə) – Emil Xəlilov (Azərbaycan)

+100 kq Kirill Buler (Almaniya) – Buğra Ərdoğan (Türkiyə)

72,5 kq Kristian Baya (Niderland) – Seyfulla Xambaxadov (Rusiya)

4 nəfərlik təsnifat turniri. 72,5 kq Besmir Helşani (Almaniya) – Andrey Kedveş (Xorvatiya)

4 nəfərlik təsnifat turniri. 72,5 kq Dmitri Filonçik (Belarus) – Ruslan Nağıyev (Azərbaycan)

72,5 kq Alim Nəbiyev (Azərbaycan) – Andrey Ostrovyanu (Rumıniya)

+100 kq Zabit Səmədov (Azərbaycan) – Antonio Silva (Braziliya)

Əvvəlcə Antonio Silva sentyabrın 10-da Z.Səmədovla baş tutacaq döyüş barədə fikirlərini bölüşüb: 

“Onun son döyüşü olacaq. Zabitə hörmət edirəm. Burada iki peşəkar döyüşçü qarşılaşır, yaxşı döyüş göstərməyə çalışacağıq. Ümid edirəm ki, qalib gələcəm. Zabit hərtərəfli döyüşçüdür, cəld və sürətlidir. Son döyüşündə məni seçdiyi üçün çox qürur duyuram. Düşünürəm ki, döyüşümüz maraqlı olacaq. Döyüşdən öncə centelmen olmalıyıq, amma rinqdə öz gücümüzü göstərəcəyik”. 

Daha sonra “Mauqli” ləqəbli Səmədov karyerasının sonuncu döyüşündən danışıb:

“Rəqibimin güclü və zəif tərəflərini məşqçimlə danışmışıq. Bunu sirr olaraq saxlasaq yaxşıdır. Silva tanınmış idmançıdır, son görüşümdə məşhur idmançı ilə döyüşmək istədim. O, simpatiyamı qazanıb. Maraqlı olması üçün bu döyüşü seçdim. Döyüşdən sonra vətənlə bağlı film çəkiləcək, həmin filmdə rol alacam. İlk döyüşüm yeni yol, başlanğıc idi. Son döyüşüm isə vətənimdədir, son olduğu üçün qalib gəlmək istərdim. Məsuliyyət çoxdur. Silvaya məğlub olsam revanş istəmərəm, qalib gəlməliyəm”.

Azərbaycanın digər təmsilçisi Alim Nəbiyev isə Andrey Ostrovyanu ilə üzləşəcək. Uzun müddətdir ki, döyüş keçirməyən Nəbiyev formada olduğunu söyləyib: 

“Bir ay yarım idi ki, məşq edirik, məşqçilərimə təşəkkür edirəm. Formadayam, yaxşı döyüş göstərəcəyimi gözləyirəm. Azərbaycanda döyüşmək istədim, Zabit də yardım etdi. Bir il döyüş keçirməmişəm, o döyüşdən sonra formamı yoxlamaq istəyirəm. Çəki mərasiminə kostyumla çıxdım, imicimi göstərmək istədim”. 

Andrey döyüş meydanında centelmenliyi kənara qoyacağını açıqlayıb: 

“Hər zaman hazıram, yaxşı hiss edirəm. Bu döyüş üçün 100% hazıram. Hamı bilir ki, Nəbiyev yaxşı döyüşçüdür, yaxşı nəticəsi var. İlk “10-luq”da yer alan idmançıdır. Sabah baş tutacaq oyuna tam hazıram. Bir birimizə hörmətlə yanaşmalıyıq, lakin təssüf olsun ki, rinqdə bunu kənara qoyacağıq”. 

Qeyd edək ki, Z.Səmədovun Silva ilə döyüşü sentyabrın 10-da saat 18:00-da Milli Gimnastika Arenasında baş tutacaq.

Günay Xəlil

2e78e1ea 282f 4aae 91cf 379591003594

752eae7c cc4f 428a bdb4 9aa23f4f5274