Rusiyanın Kazan şəhərində keçiriləcək I MDB Oyunlarında iştirak edəcək Azərbaycanın güləş yığmalarının heyəti açıqlanıb.
Federasiyadan Offsideplus.az-a verilən məlumata görə, yunan-Roma güləşi üzrə gənclərdən ibarət milli böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Turac Hüseynlinin rəhbərliyi altında mübarizə aparacaq. Heyətdə Nihad Quluzadə (55 kq), Nihat Məmmədli (60 kq), Ümidəli Musayev (63 kq), Həsrət Cəfərov (67 kq), Qurban Qurbanov (72 kq), Elcan Məmmədov (77 kq), Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) yer alıb.
Böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), Tural Hüseynov (61 kq), Sabir Cəfərov (65 kq), Namus Orucov (70 kq), Cəbrayıl Hacıyev (74 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq), İslam İlyasov (97 kq) və Aydın Əhmədov (125 kq) sərbəst güləş üzrə milli yarışda uğur qazanmağa çalışacaq.
Qadınlara gəlincə, məşqçi Rövşən Umudovun rəhbərliyi altında Şəhanə Nəzərova (50 kq), Tatyana Varansova (53 kq), Yasəmən Məcidli (55 kq), Jalə Əliyeva (59 kq) və Birgül Soltanova (62 kq) Kazanda çıxış edəcək.
Qeyd edək ki, komandalar bu gün səhər saatlarında Rusiyaya yollanıb. Beynəlxalq dərəcəli hakimlərimizdən Vüqar Şükürovla Əli Babayev I MDB Oyunlarında ədaləti qoruyacaq. İlk dəfə keçiriləcək oyunlarda 16 idman növü üzrə 1172 idmançı mübarizə aparacaq. Sərbəst və qadın güləşi üzrə yarışlarda 23 yaşadək idmançılar çıxış edəcək. Yunan-Roma güləşi üzrə mübarizə isə 20 yaşadək olan pəhləvanlar arasında baş tutacaq.
Sentyabrın 3-də klassik güləşlə məşğul olanlar xalça üzərinə çıxacaq. Növbəti gün isə sərbəst və qadın güləşçilər qüvvələrini sınayacaqlar. Görüşlər Bakı vaxtı ilə saat 11:30-da başlayacaq. Medallar uğrunda qarşılaşmalar isə 16:00-da start götürəcək.