Bu gün Rusiyada cüdo üzrə “Böyük Dəbilqə” turniri start götürüb.
Offsideplus.az xəbər verir ki, Kazan şəhərində keçirilən və üç gün davam edəcək yarışa 79 ölkədən 244 kişi, 164 qadın idmançı qatılıb. Azərbaycanı turnirdə 10 cüdoçu təmsil edəcək ki, onlardan beşi bu gün mübarizəyə başlayıb.
Kişilər
60 kq
Mübarizəyə 1/16 finaldan başlayan Davud Məmmədsoy ilk qarşılaşmasında Albert Oğuzova (Rusiya) ippon fəndiylə qalib gəlib. Növbəti mərhələdə çexiyalı idmançı ilə üz-üzə gələn həmyerlimiz məğlubiyyətlə üzləşib.
66 kq
1/32 final. Elçin Hüseynov ilk sınağında İtaliya idmançısı Karmine Maria Di Loretonu, ardınca Yerlan Serikjanovu (Qazaxıstan) məğlub edərək, 1/8 finala çıxıb. Peru təmsilçisi Xuan Postiqosla görüş də Elçinin qələbəsi ilə yekunlaşıb. Hüseynov yarımfinal mübarizəsində rusiyalı Murad Çopanovla qarşılaşıb. Təəssüf ki, cüdoçumuz bu dueldən məğlub ayrılıb. Bununla belə, Elçin medal qazanmaq üçün təsəlliverici görüşlərə qatılıb. Bu dəfə Rusiyanı təmsil edən erməni Aram Qriqoryana uduzan Hüseynov turniri medalsız başa vurub.
Qadınlar
48 kq
1/16 final. Leyla Əliyeva yarışa uğurlu başlayıb. O, startda Melani Vieuni (Fransa) məğlub edərək, 1/8 finala yüksəlib. Amma idmançımız burada yaponiyalı Funa Tonakiyə uduzub.
1/16 final. Aişə Qurbanlı debütdə Katarina Mentsə (Almaniya) şans verməyib. İpponla qələbə qazanan Qurbanlı növbəti mərhələyə yüksəlib. 1/8 finalda rusiyalı idmançı ilə görüşdə isə həmyerlimiz uğursuzluğa düçar olub. O, rəqibin ippon fəndinə düşüb.
52 kq
1/16 final. Gültac Məmmədəliyeva da startda qələbəyə sevinib. O, Meksika təmsilçisi Lus Olveranı ippona salıb. Amma növbəti görüş onun üçün uğursuz alınıb. Gültac fransız idmançı ilə bacarmayıb.