Azərbaycan cüdoçuları Yaponiyanın Osaka şəhərində keçirilən Böyük Dəbilqə turnirinin ikinci günündə çıxışlarını başa vurublar.
Offsideplus.az-ın məlumatına görə, 81 kq çəki dərəcəsində mübarizə aparan Murad Fətiyev 1/32 finalda Vladimir Zoloyevə (Qırğızıstan) uduzub.
Qadınların yarışında isə 57 kq-da çıxış edən Aleksandra-Larisa Florian 1/16 finalda yerli idmançı Tsukasa Yoşidanın müqavimətini qıra bilməyib. Eyni çəkidəki İçinxorlu Munxtsedev isə ardıcıl olaraq iki Honkonq idmançısını məğlub etsə də, Lin Çen Linqlə (Çin Taypey) bacarmayıb.
Qeyd edək ki, ilk yarış günündə də yeddi cüdoçu medal qazana bilməyib. Noyabrın 24-də - son yarış günündə Azərbaycanı yalnız kişi idmançılar təmsil edəcəklər. 90 kq çəkidə yer alan Məmmədəli Mehdiyev 1/16 finalda Harisson Kassar (Avstraliya) - Deril Servan Yamomoto (Peru) cütünün qalibi ilə güləşəcək. 100 kq çəkidə yer alanlara gəlincə, Elmar Qasımov 1/16 finalda Sedrik Olivar (Fransa) - Georgi Minaşkin (Estoniya) cütünün güclüsü ilə qarşılaşacaq. Zelim Kotsoyev isə 1/32 finalda Karl-Riçard Freylə üz-üzə gələcək.