Çeçenlərlə azərbaycanlılar arasında münasibətlər həmişə yaxşı olub və yaxşı da olacaq. Hər şey qaydasındadır. Moskva şəhərindəki "Prezident hotel"də Azərbaycan və çeçen nümayəndə heyətlərinin görüşü bir daha sübut etdi ki, biz dostuq. Bir-birimizə qardaş millətik. Kimlərsə iki qardaş xalqın arasını vurmağa çalışmasın.
Offsideplus.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında K-1 qaydasız döyüş növü üzrə dünya çempionu Zabit Səmədov deyib.
Tanınmış idmançı bildirib ki, iki ölkə vətəndaşlarının bir araya gəlməsi dövlət başçılarının təklifi ilə gerçəkləşib.
“İkitərəfli görüşün baş tutması dövlət rəhbərlərinin təşəbbüsü ilə həyata keçirilib. Bizim də şərəf borcumuzdur ki, bu görüşə qatılaq və iştirak edək. Hər iki dövlətin rəhbərlərinin tapşırığı ilə masa arxasında əyləşib mehriban görüş keçirtdik”.
Zabit Səmədov iki xalqın arasını vuran erməni millətindən olan şəxs barədə qısaca olaraq bunu deyib:
“Bu barədə fikirlər var. Yaxın zamanlarda Rusiyanın rəsmi orqanları iki ölkə arasında qarışıqlıq salmaq istəyənlərin kimliyini açıqlayacaq”.
Qeyd edək ki, fevralın 14-də Moskvada azərbaycanlı Yaşar Əliyevə məxsus "Neolit" kafesində soydaşlarımızla çeçen icmasının nümayəndələri arasında kütləvi dava olub. İnsident zamanı ölən və xəsarət alanlar olub. Daha sonra kənar qüvvələr iki xalqın nümayəndələri arasında münaqişəni qızışdırmağa cəhd göstəriblər.(Faktor.az)