Rusiya millisinin UEFA Millətlər Liqasında, eləcə də bu ölkəni təmsil edən klubların avrokuboklardakı uğursuz çıxışı idmana bağlı insanların səbr kasasını daşırmaqdadır.

Xüsusən Rusiyanın doğma meydanda Serbiyaya 0:5 hesablı yenilgisindən sonra ictimaiyyət etiraz səsini ucaldır.

Offsideplus.az "Sport-Ekspress"ə istinadla xəbər verir ki, bu dəfə biatlon üzrə 4 qat Olimpiya çempionu, eyni idman növündə 11 qat dünya çempionu, 20-ci əsrdə Rusiya idmanının əfsanəsi kimi tanınan Aleksandr Tixonov dilə gəlib. 73 yaşlı mütəxəssis ölkə futbolundakı biabırçı duruma sərt reaksiya verib: "Görün nə vəziyyətə düşmüşük ki, hansısa təmsilçimizin avrokuboklarda xal qazanması Rusiya üçün ikinci 9 may - Qələbə Günü sayılacaq. Ölkədə futbolun hansı səviyyədə olduğunu hamı görür. Serbiyaya Moskva boyda hesabla necə uduzmaq olardı axı? 0:5 nə deməkdir? Bunun heç bir izahı yoxdur, ola da bilməz. Rusiya futbolu ölkə idmanının üz qarasıdır. Futbolçuları mühakimə etmək lazımdır. Lakin heç kim bunu etmir".