Yığmanın Millətlər Liqasındakı uğursuz. çıxışı, lap dəqiq deməli olsaq, 6 oyundan cəmi 1-ni qələbə ilə başa vurması futbol ictimaiyyətində ciddi narazılıq doğurmaqdadır. Xüsusən yaxın keçmişdə millinin formasını geyən sabiq futbolçular mövcud durumla barışa bilmir.

Offsideplus.az xəbər verir ki, növbəti "bomba" Ramal Hüseynovdan gəlib. Vaxtilə "Neftçi", "Qarabağ", "Bakı", "Turan", "Kocaelispor" kimi komandaların şərəfini qorumuş, bütün yaş qruplarından ibarət millilərin formasını geymiş Hüseynov "feysbuk"da ürəyini boşaldıb.

Hüseynovun uşaq futbolu ilə bağlı dediklərinə nəzər salaq: "İndi nə futbol var, nə də futbolçu. Mən həmişə demişəm, uşaq futboluna baxmaq lazımdır. O legioner məşqçi və futbolçulara verilən pulları uşaq futboluna ayırsalar, inanın, inkişafın necə artdığını görərsiz. Uşaq futboluna da futbolu bilən məşqçiləri cəlb etmək lazımdır. Vallah, adam bəzi klublardakı uşaq məşqçilərinə baxanda utanır. Günah onlarda yox, onları zənglə işə götürənlərdədir. Bir də valideynlərdə. Uşağı futbola yazdıranda məşqçinin kimliyi ilə maraqlanmırlar: kimdir, nəçidir, nə işlə məşğul olub? Təki klub olsun deyə, uşaqları bədbəxt edirlər, özlərinə də əziyyət verirlər". 

36 yaşlı mütəxəssis millidən bəhs edəndə, futbolçulara səslənib: "Belə futbol oynamaqdansa, futbolu atıb başqa işlə məşğul olsalar yaxşıdır. Sonuncu oyuna baxdım, vallah, utandım. Nə ötürmə var, nə də futbol. Premyer Liqada 8 komandası olan ölkədə bundan artığını gözləmək yersizdir. Bunlar sadəcə pul qazanmaq üçün əlindən gələni edir".