Avstriyanın paytaxtı Vyanada Avropa Voleybol Konfederasiyasının (CEV) 41-ci Baş Assambleyası keçirilib. 

Offsideplus.az "Apasport"a istinadən xəbər verir ki, tədbir çərçivəsində quruma prezident seçkiləri də baş tutub.
 

Səsvermənin nəticəsinə əsasən Aleksandr Boriçiç daha 4 il CEV-ə rəhbərlik edəcək.


36 səs yığan serb seçkidə yeganə namizəd olan estoniyalı Hanno Pevkuru qabaqlayıb. Sonuncu 19 yerli federasiyanın səsini toplayıb. 


Tədbirdə Azərbaycanı baş katib Cəlil Cəfərov və beynəlxalq əlaqələr şöbəsinin müdiri Mixail Frişman təmsil edib. 


Qeyd edək ki, ikinci dəfə CEV-in prezidenti seçilən Boriçiç bu vəzifədə 2015-ci ildən işləyir.


Yeri gəlmişkən, Azərbaycan Voleybol Federasiyasının baş katibi Cəlil Cəfərov Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinə üzv seçilib. Onun burada təmsil olunması Avstriyanın paytaxtı Vyanada keçirilən 41-ci Baş Assambleya çərçivəsində baş tutan prezident seçkilərindən sonra rəsmiləşib.


İdarə Heyətində 19 nəfər yer alıb. Onların 4-ü ikinci dəfə qurumun prezidenti seçilən Aleksandr Boriçiç tərəfindən müəyyənləşib. Digər üzvlər isə səsvermə ilə bu hüquqa sahib olublar. 21 nəfərin namizədliyi olan səsvermədə Cəlil Cəfərov ikinci mərhələdə İdarə Heyətində yer almaq şansı qazanıb. Belə ki, ilkin mərhələdə 23 səs toplayan Cəfərov “13-lük”də yer ala bilməyib. 8 namizədin iştirak etdiyi ikinci mərhələdə 25 səs toplayan AVF-nin baş katibi İdarə Heyətinə üzv seçilib. Cəfərov həlledici mərhələdə CEV prezidentliyinə namizədliyini irəli sürmüş estoniyalı Hanno Pevkura 12 səs fərqi ilə qalib gələrək ilk dəfə (CEV) İdarə Heyətində  üzvlüyünü rəsmiləşdirib.


Bu gün tərkibində 56 federasiya olan Avropa Voleybol Konfederasiyasının İdarə Heyətinə Azərbaycan Voleybol Federasiyasının baş katibinin seçilməsi böyük uğurdur.