Koronavirus günümüzün bəlasına çevrilib. Xəstəlik qorxusu, üstəgəl, tətbiq olunan qadağalar - həyatı dözülməz edib. Hamı üsyan edir, hamı narahatdır. Həyatımız əski parçası maskadan asılı duruma düşüb. Bircə qurtula bilsəydik...

Pandemiyanın birinci dalğası futbolumuzdan yan keçmişdi. Yoluxma sayı hər dəqiqə artan vaxtlarda komandalar təlim-məşq toplanışına başladı, ardınca çempionata start verildi. Hansısa problem yaşanmadı. Azərbaycan futbolu öz axarında davam edirdi. Qəzasız, bəlasız.

Oktyabrda "Neftçi"li Prins İbaranın Portuqaliyada "siftə" etməsindən sonra sıra Premyer Liqa təmsilçilərinə və milliyə çatdı. 9-cu turda "Sabah" - "Zirə" matçı bir neçə futbolçunun verdiyi testin pozitiv çıxdığına görə bir gün sonraya ertələndi, ardınca yığma üzvləri - Təmkin Xəlilzadə, Rahil Məmmədov və Maksim Medvedev virusa yoluxdu. Daha sonra Klesio Baukun adını eşitdik, Emin Mahmudov və Mirabdulla Abbasovla davam etdi, "Keşlə"nin üzvlərində aşkarlandı, ən son olaraq "Səbail"lilər bəladan yan keçə bilmədi. Olduqca çətin vəziyyət yaranlb.

Dünyaca ünlülər koronavirusla mübarizə apara bilmədiyi halda bizimkilərin virusa yoluxması anlaşılandır. "Kişinin başına iş gələr" deyib, keçək yazının "canı"na.

Azərbaycan klubları xəstələrin adını ictimaiyyətə açıqlamaqda maraqlı deyil. İndiyə qədər Premyer Liqa təmsilçilərindən heç biri rəsmi olaraq ad açıqlamayıb. Sanki koronavirusa yoluxan üzü istəyirəm, üzdəniraqdır, sanki böyük qəbahətdir, sanki həmin şəxsi ayaqlarından tutub ağacdan asacaqlar. Bunların heç biri deyil, düzdürmü? Belədirsə, niyə ad açıqlamırsız? Niyə jurnalistlər əlaqə vasitələri hesabına xəstələrin kimliyindən xəbər tutmalıdır?

Dağ boyda Ronaldo virusdan qaça bilmədi, hamı xəbər tutdu. Dibala xəstələndi, hamı bildi. Bəyənmədiyin(m)iz Canni de Byazi belə, mətbuat konfransda açıq şəkildə hansı futbolçuların yataqda olduğunu dedi. Samir Abasov heç bir taktiki gediş etmədən Mirabdulla Abbasovun adını çəkdi. Çünki bu adamlar xəstəliyə normal baxır, sabah özlərinin də başına gələ biləcəyini dərk edir. 

Məncə, siz klub rəsmiləri, baş məşqçilər, heç biriniz Canni de Byazidən çox bilmirsiz. Bu adam ad açıqlayırsa, eyni addımı siz də atmalısız. "Korona" olan futbolçunuz, məşqçiniz, inzibati işçiniz varsa, ad çəkin, bilək. Ayın-ilin bu vaxtı bizi dağa-daşa salıb, futbolsevərləri tapmaca qarşısında qoymayın. 

Allah xəstələrə şəfa, sizlərə cəsarət versin! Əmin olun, ad çəkdiyinizə görə heç kim sizi həbs etməyəcək.

HƏBİB