Elə bir vəziyyətdəyik ki, nə futboldan yazmağa həvəs var, nə oxumağa, nə danışmağa. Hər bir Azərbaycan oğlunu ön cəbhə maraqlandırır. Bu dəqiqə bizim üçün futbol meydanı Qarabağ torpaqları, futbol topu avtomat, minaatan, top-tüfəngdi. Təəssüf ki, istəyin dozası müharibənin şərtləri qarşısında acizdi. Hər arzu edən ora gedə bilmir.

Burdayıqsa, bu gün üçün bacardığımız 3-5 manat qazanıb ailəmizi dolandırmaqdır. Dolanışığımız da idman haqda yazmaqdan, sizləri məlumatlandırmaqdan, qısası, jurnalistikadan çıxır...

... Qurban Qurbanovun psixoloji durumu da bizimkindən fərqlənmir. Bu gün türk həmkarımıza verdiyi müsahibədə cəbhədə yaşananların futbol haqda düşünməyə imkan vermədiyini açıq şəkildə bildirib. O da, Qara Qarayev də, Maksim Medvedev də, klubun türkiyəli direktoru Emrah Çəlikəl də müharibənin təsiri altındadır.

Bizim futboldan yazmaqdan başqa əlacımız olmadığı kimi, onların da UEFA-nın qaydalarına arxa çevirmək imkanı yoxdur. Dırnağın ucu boyda şansları olsa, bu ağır günlərdə “Vilyareal”la oynamaqdan imtina edərlər. Çünki bu dəqiqə nə “Vilyareal” havasıdı, nə futbol. Dolu yağır, şimşək çaxır, tufan qopur, buludlar səmanı görünməz hala salıb. Nə yazıq ki, bunu ancaq biz görürük. UEFA-da oturanlar üçün hava günəşli, göyün üzü şəffafdır.

“Qarabağ” sabah Avropada növbəti imtahanını verməlidir. Rəqib İspaniyanın adlı-sanlı komandaların biri, məkan qardaş Türkiyənin meqapolis şəhəri olan İstanbuldur. Nəticə önəm daşımayacaq. Nəticə hayında deyilik çünki. İndiki məqamda önəmli olan qanı qanımızdan, canı canımızdan olan türk abilərimizlə qardaşlığımız və “Qarabağ” adının qarşısında yazılan Ağdam və Azərbaycan sözləridir.

Dünya növbəti dəfə Qarabağın Azərbaycana məxsus olduğunu görəcək, oxuyacaq, eşidəcək. Və bir daha əmin olacaqlar ki, Ali Baş Komandanımızın dediyi kimi, Qarabağ Azərbaycandır!

HƏBİB