Offsideplus.az-ın yerli mətbuata istinadən yaydığı xəbərə görə, qonaqların baş məşqçisi Damir Kanadi 0:3 hesabı ilə uduzduqları matçda FİFA referimizin 2 qərarından narazı qalıb:

"Düşünmürəm ki, biz bu cür hesabla məğlubiyyətə layiq idik. Fikrimcə, qapımıza təyin olunan ikinci penalti düzgün deyildi. Bundan başqa, ilk hissədə Brunonun epizodunda oyundankənar vəziyyət yox idi".

Yunanıstanlı keçmiş FİFA referisi Anastasios Kakos isə Əliyarın oyunu çox yaxşı idarə etdiyini, bütün qərarlarının doğru olduğunu, yalnız "Atromitos"dan Brunonun epizodunda yan xətt hakiminin kobud səhvə yol verdiyini bildirib.

Qeyd edək ki, dünənki oyunda "Atromitos"un qapısına 2 penalti təyin edən Əliyar ümumilikdə 5 dəfə sarı vərəqədən istifadə edib ki, bunlardan da ikisi qonaq komandanın futbolçusu Brunoya göstərilib. Nəticədə braziliyalı hücumçu 90-cı dəqiqədə meydandan qovulub. Maraqlıdır ki, Ağayevin sarı vərəqə ilə cəzalandırdığı futbolçulardan biri də ötən mövsüm icarə əsasında "Qarabağ"da çıxış edən PAOK-un yarımmüdafiəçisi Pedro Enrike olub. (qol.az)