Millinin Avropaya bir həftəlik səfəri təkcə Monteneqroya məğlubiyyət və Lüksemburqla heç-heçəylə yadda qalmadı.

Bununla yanaşı, birdən-birə beş futbolçunun itkisinə üzülməli olduq. Təmkin Xəlilzadə ilə Rahil Məmmədovun koronavirus testi müsbət çıxdığından Xorvatiyada qaldılar, Maksim Medvedev isə eyni səbəbdən Lüksemburqda "ilişdi". Hazırda adları çəkilən futbolçular bu iki ölkədə müalicə alır.

Bədavi Hüseynovla Abbas Hüseynov isə vətəni zədəli qayıtdılar. Bu beş futbolçudan dördünün "Qarabağ"ın formasını geyməsi ciddi narahatlıq doğurur. Ağdamlıların Avroliqanın qrupunda mübarizə apardığını və noyabrın 26-da "Sivasspor"la vacib oyuna çıxacağını nəzərə alsaq, vəziyyət ürəkaçan deyil.

Offsideplus.az olaraq hazırda xaricdə müalicə olunan yığma üzvlərinin aqibətini öyrənmək, eləcə də vətənə zədəli qayıdan futbolçuların son durumunu öyrənmək üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq. 

- COVİD-19 testi müsbət çıxan futbolçulardan nə xəbər var?

- Bildiyiniz kimi, Təmkinlə Rahil Xorvatiyada, Maksim isə Lüksemburqdadır. Mütəmadi əlaqə saxlanılır, vəziyyətləri soruşulur. Millinin həkimi Vyaçeslav Xomenko Bakıya qayıtmayıb,, Maksimin yanında qaldı. Ölkəmizin Xorvatiya və Belçikadakı (Lüksemburqda Azərbaycan səfirliyi olmadığından, ordakı duruma Belçikadakı səfirliyimiz nəzarət edir - H.) səfirliklərinə, eyni zamanda hər iki ölkənin səhiyyə təşkilatlarına bu haqda məlumar verilib. Onlar da məsələni diqqətdə saxlayır.

- Futbolçuların Bakıya qayıdacağı tarix məlumdur?

- Bildiyimə görə, azı 10 gün orda qalmalıdırlar. Bu müddət başa çatandan sonra yenidən test verəcəklər. Cavablar neqativ çıxsa, Bakıya qayıtmaqlarında problem olmayacaq.

- Ondan tez alınmayacaq? Çünki "Qarabağ"ın "Sivasspor"la oyunu var.

- Koronavirusla bağlı hazırlanmış planlarda müəyyən istisnalar var. Ola bilsin, 10 gündən bir neçə gün öncə test verib gəlmələri mümkün olsun. Amma 100 faiz belə olacağını demək çətindir. Çünki buna yerli səhiyyə təşkilatları qərar verəcək.

- Xəstəxanaya yerləşdiriliblər?

- Xeyr-xeyr, məskunlaşdığımız oteldə qalıblar. Orda müalicə olunurlar.

- Formada qalmaq üçün fərdi məşq etmələri mümkündür?

- Otağı tərk etmək icazələri yoxdur, o ki qalmışdı məşq etsinlər. Xeyr, mümkün olmayacaq.

- Abbasla Bədavinin zədəsi nə yerdədir?

- Məndə olan məlumata görə, Abbas təxminən 10 günlük sıradan çıxıb. Bədavi isə sonuncu oyunda zədələndiyindən, səhih bilgi verə bilməyəcəm. Çünki müayinə olunmalıydı. 

HƏBİB