UEFA Millətlər Liqasındakı uğursuz çıxışın ardından göndərilən Qurban Qurbanovun yerinə hələ də heç kim təyin olunmayıb.

Mart ayında başlayacaq AVRO 2020 seçmə mərhələsinə az bir vaxt qalsa da, AFFA milli komandanı tapşırmağa adam tapa bilmir. Qurbanovun göndərilməsinin ardından gələcək namizədin qarşısına Avropa çempionatına vəsiqə qazanmaq şərti qoyulacağı deyilsə də, nə gələn var, nə gedən. Malta və Farer adaları kimi özümüzə daha uyğun rəqiblərin içərisində belə heç nə edə bilməyən milllini kim gəlib finallara aparacağına söz verə bilər, o da ayrı müzakirə mövzüsudur. Ancaq bir həqiqət var ki, bizim milli komandanın baş məşqçi postu boş qalıb. 
Dəfələrlə müxtəlif namizədlərin adı çəkilir, onların hətta artıq paytaxda olduğu söylənsə də, ortada heç nə yoxdur. Ən gec dekabrın sonunda bilinəcəyi deyilən baş məşqçi adına fevral ayında hələ də aydınlıq gəlməyib. Federasiya saytı bir neçə namizədlə danışıqlar apardığını bəyan edir, amma o namizədlərin aqibəti necə olur, bilinmir.
Bilinən odur ki, milli komandanın yeni baş məşqçisi əcnəbi olacaq. Olsun, buna bir sözümüz yoxdur. Nə zaman olacaq? Baş məşqçidən nə gözləniləcək, nə tələb olunacaq? Yeni gələcək məşqçinin ölkə futbolu ilə uzaqdan-yaxından xəbəri olmayacaq. Və biz ondan finallara vəsiqə qazanmağı tələb edəcəyik? Elə son-iki üç gündə adı ən çox çəkilən Yurçeviç də eyni açıqlamanı verdi. Bəs təyinat niyə gecikir?

Birincisi, bəlkə də AFFA təyinatı qəsdən gecikdirir. Belə ki, hamı kimi AFFA-da seçmə mərhələnin böyük hüsranla keçəcəyindən əmindir. Elə bu səbəbdən təyinatı gecikdirir ki, yaranacaq növbəti uğursuzluğu baş məşqçi yeniliyinə bağlayıb vəziyyətdən çıxsın. 

İkincisi, başısoyuqluq, plansız və sistemsiz işləməkdir. Özünüzü uğrusuzluğa dözüm yoxdur kimi göstərib Qurban Qurbanovla müqaviləyə xitam verdiniz. Ancaq həmin peşəkarlıqla, eyni sürətlə yeni baş məşqçi tapa bilmədiniz. Bu necə peşəkarlıqdır ki, baş məşqçi postu 3 aydır boş qalıb. Kimi nə zaman təyin edəcəyiniz hələ də bilinmir. Ancaq bu müddət ərzində milli komandanın aqibətini düşünmək lazım idi. Təbii ki, kimisə tapıb gətircəksiniz. Bu Yurçeviç olar, başqası olar, bilinməz. Bilinən odur ki, bizim başı bəlalı yığmanın taleyi yenə də dəyişməyəcək. 

Bir də bu ehtimal ola bilər ki, milli komandaya yaxın duran baş məşqçi yoxdur. Vaxtı ilə Karlos Alberto Tores, Foqts, Prosineçski kimi dünya səviyyəli çalıdırıcıların gəldiyi yığma postu indi əlinizdə qalıb. Tapıb gətirməyə adam tapmırsınız. Ən son gedib, yalnız hansısa ortabab klubda köməkçi məşqçi kimi çalışmasından fəxr edə bilən Yurçeviçə yalvar-yaxar edirsiniz. O da hələ gəlsə. Əvvəllər uğursuzluq olsa da, heç olmasa çönüb ehtiyat skamyasına baxanda bildiyimiz, tandığımız bir baş məşqçi görüb az da olsa ümidlənərdik. İndi heç o da olmayacaq. Hələ bu da yaxşı günlərimizdir. Allah bizi daha betərindən saxlasın.