“Portuqaliyadan, Xorvatiyadan və başqa ölkələrdən namizədlər var idi. Minimum 6-7 namizəd olub. Bu proses uzun müddət çəkdi. Yəni müzakirələr, görüşlər və sonda namizədlər arasında ən yaxşısının Milan Obradoviç olduğuna dair qərar qəbul olundu”. 

Offsideplus.az xəbər verir ki, bu sözləri açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov U-21 millimizə yeni baş məşqçi təyinatı ilə bağlı danışarkən deyib. O, serbiyalı mütəxəssis Milan Obradoviçin yığmamıza uyğun məşqçi olduğunu bildirib:

“Rəhbərliklə birlikdə xeyli müddət müzakirə apardıq. Obradoviç hazırda məşqçi üçün əlverişli yaşdadır. Bundan başqa ötən il Serbiya millisində köməkçi məşqçi kimi dünya çempionatında iştirak edib. Ümumiyyətlə, beynəlxalq təcrübəsini, eyni zamanda daha əvvəllər aşağı yaş qruplarında çalışmağını nəzərə alaraq belə bir qərar qəbul olundu. Çünki U-21 millisində çalışmaq ona yad bir iş deyil".(qol.az)