UEFA Gənclər Liqasının Çempionlar Yolunun ilk mərhələsinin püşkü atılır.

 İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə AFFA-nın təşkil etdiyi Gənclər Liqasının qalibi qismində turnirə vəsiqə qazanan “Qəbələ”nin də rəqibi müəyyənləşib. Əyalət təmsilçisi I raundda APOEL (Kipr) ilə qarşılaşacaq. Azərbaycan çempionu ilk oyunu evdə keçirəcək. 

Reqlamentə əsasən, Çempionlar Liqası Yolunda qrup qalibləri birbaşa 1/8 finala yüksələcəklər. Çempionlar Yolunda I mərhələnin oyunları 2 - 23 oktyabrda, II raundun görüşləri isə 6 - 27 noyabrda olacaq. İki mərhələnin yekununda yoluna davam edəcək 8 komanda pley-offda Çempionlar Liqası Yolunun qruplarında 2-ci yeri tutan 8 kollektiv ilə üz-üzə gələcək. Pley-off oyunları 11 - 12 fevralda, 1/8 final matçları 3 - 4 martda, 1/4 final görüşləri isə 17 - 18 martda keçiriləcək. Yarımfinal ilə final matçları müvafiq olaraq aprelin 17-də və 20-də Nyonda baş tutacaq. Bu mərhələlərdə qaliblər bir oyunla müəyyənləşəcək.

“Qəbələ” ardıcıl üçüncü dəfə Gənclər Liqasında çıxış edəcək. “Qırmızı-qaralar” 2016/2017 və 2017/2018 mövsümlərində də yarışa AFFA-nın təşkil etdiyi Gənclər Liqasının qalibi kimi qatıb. Əyalət təmsilçisi ilk cəhddə I mərhələdə Rusiyanın “Dinamo” (Moskva) komandasına uduzub - 0:2, 0:5. Ötən mövsüm isə I mərhələdə Moldova "Şerif"ini iki oyunun nəticəsində üstələyib - 1:1, 3:1. Ancaq II raundda Almaniya “Herta”sına evdə 1:3, səfərdə isə 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, APOEL-in əsas komandası Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alıb. Kipr təmsilçisi Çempionlar Liqasının cari mövsümünün III mərhələsində Ağdam komandasını mübarizədən kənarlaşdırıb (2:1, 0:2 )