Yunanıstanlı müdafiəçi Dmitrios Çantakias noyabrın 22-də baş tutan "Keşlə" ilə oyunda hesabı açaraq "Zirə"də ilk qoluna imza atdı.

Mövsümün əvvəlində "Panetolikos"dan "Zirə"yə keçən Çantakias Offsideplus.az-a eksklüziv müsahibə verib. 25 yaşlı futbolçu Azərbaycandakı təcrübəsindən, ətraf mühitlə uyğunlaşması və Azərbaycanda nail olmağı hədəflədiyi planlarından danışıb.

Müsahibənin geri qalanını təqdim edirik:

- "Zirə" ilə keçirdiyiniz son oyunda komandada ilk qolunuzu vurdunuz. Qolu sizin üçün özəl olan kiməsə həsr etdiniz?

- Həmin qolumu ailəmə, xüsusən də yaxın zamanlarda dünyadan köçən nənəmə həsr etdim. Onun üçün çox darıxıram.

- "Zirə"nin çıxışları və Azərbaycan futbolu barədə nə düşünürsünüz?

- Komandam və performansımızla qürur duyuram. Məncə rəqabətli komandaların çıxış etdiyi çox yaxşı liqada yarışırıq. Diqqət çəkən oyun nümayiş etdirən komandalar sayəsində futbolun səviyyəsi yüksəkdir.

- Aydındır ki, Azərbaycana gəlməmişdən öncə "Qarabağ" barədə məlumatınız vardı. Sizcə "Zirə" "Qarabağ"la bu cür mübarizə apara bilərdi? Hazırda "Zirə"nin 18 xalı var, "Qarabağ"la bərabərdir. 

Heyət olaraq səy göstərdiyimizə inanıram. Xatırlayıram ki, məşqçilər heyətinin keyfiyyətinə gəldiyim andan etibarən məndə yaxşı təsir qoydu. Hər həftə əlimizdən gələni edəcəyimizə və daha çox rəqabətli olacağımıza inanırdım.

Dimitrios Chantakias 2

- Azərbaycan futbol oynadığınız ikinci yerdir. Ölkənin əhalisi, havası və yeməyi barədə təəssüratlarınız nə oldu?

- Pandemiya səbəbindən təəssüf ki, Azərbaycanı istəyim qədər gəzə və kəşf edə bilməmişəm. Qarşılaşdığım insanlar çox qonaqpərvərdir, yeməklər isə öyrəşdiyimdən çox da fərqli deyil. Havaya gəlincə, belə küləkli gözləmirdim. Bu tamamilə sürpriz oldu.

- Yeni bir dil öyrənmək və ünsiyyət qurmağın öhdəsindən necə gəldiniz?

- Aydındır ki, öyrəşmə dönəmindəyəm. Lakin komandanın çox yardımı toxundu, mən isə bacardığım qədər öyrənməyə çalışıram.

- Azərbaycanda nəyə nail olmağa ümid edirsiz?

- Əlimdən gələnin ən yaxşısını etmək, hər həftə qazanmaq, mövsümün sonunda nə olacaqsa onu əldə etmək istəyirəm. Hər həftə qazanmaq üçün bacardığım hər şeyi ortaya qoysam, bilirəm ki, gələcəkdə çox yaxşı formada olacam.