"Ali Baş komandan başda olmaqla, ordumuza, zabitlərimizə, əsgərlərimizə təşəkkürümü bildirirəm ki, bizə bu günləri yaşadırlar. Torpaqlarımızı geri almağımız hərdən mənə yuxu kimi gəlir. Hələdə sevinc içindəyəm, zəfərin həzzini alıram. Bütün xalqımızı ürəkdən təbrik edirəm".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Keşlə"yə qalib gəldikləri matçın ardınca baş tutan mətbuat konfrasında deyib.

"Hər iki komanda qol vurub qələbə qazanmaq istəyirdi. Çempionatın iddialı komandalarında birinə qalib gəldik. Futbolçularımı təbrik edirəm. "Keşlə"nin qolundan sonra komandamız hücumlara yaxşı reaksiya verdi və qol imkanı yaratmağı bacardıq. Sonda üçüncü qolu vurub vacib qələbə qazandıq".

Sadıqov komandada heç kəsin koronavirusa yoluxmadığını qeyd edib: "Bütün dünya futbolunda və həyatımızda koronavirus var. Hələ ki, buna uyğunlaşmalıyıq. Bizim də iş çətindir. Heyəti qururuq, hazırlaşırıq və kiminsə test nəticəsi müsbət ola bilir. Məşqçilərin işləri çətinləşir. Hər an hazır olmalıyıq. Daha əvvəl Ali Sesay yoluxmuşdu və artıq sağalıb. Köməkçim Eltun Yaqublunun da test nəticəsi müsbət olmuşdu. Hazırda isə problem yoxdur".

38 yaşlı mütəxəssis qapıçı Rəşad Əzizlidən razı qaldığını sözlərinə əlavə edib: "Heç kimin arasında fərq qoymuram. Hansısa elementlər qərara təsir edir. Mənim üçün birinci, ikinci qapıçı anlayışı yoxdur".

Sadıqov "Qarabağ"ın qapıçısı Emil Balayevlə bağlı yayılan transfer xəbərlərinə reaksiya verib: "Belə bir şey yoxdur. O, son illər ölkənin ən yaxşı qapıçılarındandır. Uyğunlaşmaq üçün vaxt lazımdır. "Qarabağ" hər zaman çempionluğa oynayan komandadır. Balayev çox yaxşı qapıçıdır. Onu hamı heyətində görmək istəyər. Amma transferlə bağlı deyilənlər real deyil".

Baş məşqçi qış transfer dönəmində heyətdəki dəyişikliklə bağlı hələ ki, düşünmədiyini bildirib: "Hazırda bütün fikrimi komandaya yönəltmişəm. 99 faiz hamıdan razıyam. Bütün futbolçuları hər oyun 90 dəqiqə oynada bilmərik. Futbolçuların yanaşmasından və şəffaf rəqabətdən çox razıyam. Qış fasiləsində transfer barədə düşünə bilərik. Ehtiyac olsa, heyətə yeni oyunçular cəlb edəcək. Daxili çempionatdakı oyunçuların çoxunun müqaviləsi var. Qışda transfer etmək asan deyil. Hamı iddialdır və yuxarı yerlə uğrunda mübarizə aparır. Heç vaxt xoşlamıram ki, müqaviləsi olan futbolçu ilə danışıq aparaq. Yayda gətirmək istədiyim futbolçu var idi. Keçid baş tutmadı. Hələ də fikirləşirəm. Qışda alınsa, gətirəcəm".