"Torpaqlarımızın işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edirəm. "Zirə" ilə oyun maraqlı alındı. Buraya qələbə üçün gəlmişdik. Normal oyun alındı. Düşünürəm ki, ikinci hissədə üstün tərəf biz idik, qol imkanları da yaratdıq. Amma fürsətlərdən yararlana bilmədik".

 

Offsideplus.az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Yunis Hüseynov "Zirə"yə qarşı səfər oyunundan (1:2) sonra mətbuat konfransında deyib.

55 yaşlı mütəxəssis komandadan narazı olmadığını dilə gətirib: "İki oyunçumuz xəstələnmişdi. Hücumameyilli oyunçulardan ikisi zədəli idi. Sağ və sol müdafiəçilər yarımmüdafiə mövqeyində çıxış edirdilər. Komandamdan narazı deyiləm. Bu gün ikinci hissədə pis təsir bağışlamadıq. Öz səhvlərimizdən qollar buraxdıq".

Hüseynov qış transfer dönəmində hücum xəttini gücləndirmək üçün addımlar atacaqlarını bildirib: "Qışda bizdə də dəyişiklik olacaq. Çalışacağıq ki, hücum xəttini gücləndirək. Qol vurmaqda çətinlik çəkirik".

Baş məşqçi gənc oyunçuların heç birindən narazı olmadığını diqqətə çatdırıb. Hüseynov daha sonra Sezar Meza Kollinin oyunu barədə danışıb: "O, topla oynayan futbolçudur. Top onda olanda təhlükə yarada bilir. Bu gün onun oyunundan narazı qalmadım. Onu başa düşən futbolçu olarsa, hər şey daha yaxşı olacaq".