“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev “Neftçi”dən evdə 1:4 hesabıyla uduzduqları matçdan sonra mətbuat konfransı keçirib.

Offsideplus.az Sport24.az-a istinadən xəbər verir ki, gənc mütəxəssis ilk olaraq xalqımıza Qarabağ müharibəsindəki qələbə münasibətilə təbriklərini çatdırıb: "Matça gəlincə, rəqibin yüksək keyfiyyətli oyunçuları var, amma görüşə yaxşı hazırlaşmışdıq. Komandamız meydanda hər şeyi göstərir. Yalnız qol çatmır. Epizodlar yaratdıq və rəqib isə yarımepizod”.

Baxşıyev rəqib düşərgəsindəki baş məşqçi dəyişikliyinə münasibət bildirməyib: “Qoy, özləri komandalarını qiymətləndirsinlər. "Qəbələ" haqda düşünürəm. Bizdə hər şey - xətlər arasındakı əlaqələr qaydasındadır, qarşılıqlı anlaşma da səviyyədədir. Yalnız qol vəziyyətlərini reallaşdırma "axsayır". Kadr çatışmazlığımızın olduğunu deməzdim. Sadəcə, son nöqtəni qoymaqda soyuqqanlılıq çatmır. Bütün komponentlər üzərində işləyirik. Qol vəziyyətlərini təsadüfən yaratmırıq, bu, böyük zəhmət sayəsindədi. Məşqdə hər şey qaydasındadır. Bəlkə də matçların stressi təsir edir, axı, bu, hər şeyin yaxşı olduğu bir məşq deyil. İlk 30 dəqiqədə tam üstünlük əldə etdik. Rəqib yarım epizod yaradıb qol vurdu".

Baxşıyev kapitan Cavid Hüseynovla bağlı sualı da cavablandırıb: "İstədiklərimi ondan alıram. Bəli, qapıçıyla təkbətəki qolla reallaşdıra bilmədi. O anda qol vursaydı, başqa cür deyərdik. Hücum xəttinin oyunçuları səhv etməyə məhkumdurlar. Komanda məğlub oldu, ayrı-ayrılıqda götürülən oyunçular yox. Demək olar ki, bütün görüşlərdə rəqiblərimizdən daha yaxşı oynayırıq. Fəlsəfəmiz "1 nömrə"ylə oynamaqdır. Müdafiə olunan bir komanda qurmaq istəmirəm. Deməyəcəm ki, bizdə hər şey idealdı, səhvlər üzərində işləməliyik".