"İlk öncə, Ağdamın qayıtması münasibətilə "Qarabağ"ı təbrik edirəm. Bu bütün azərbaycanlılar və xüsusilə də, ağdamlılar üçün bayramdır. İnşallah gələn çempionatda "Qarabağ" ev oyunlarını imarətdə oynayacaq".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov "Qarabağ"la görüşdən sonra baş tutan mətbuat konfransında deyib.

"Təəssüf ki, bu gün geniş heyətdə ola bilmədik. "Qarabağ" təcrübəlidir, çempionatda digər komandalardan fərqlənir. Bu komanda ilə səhv etmək olmaz, səhvi bağışlamır. Belə məğlubiyyət istəməzdik. Lakin təslim olmamalıyıq. Zədələr də çoxalır. Qış fasiləsinə qədər maksimum xal yığmalıyıq, çətin olacaq, lakin bu məğlubiyyəti unudub qələbələrə hazırlaşacağıq".

- Qapıda dəyişiklik təəccüblü gəldi. Bunu necə şərh edərdiniz?

- Bu, təəccübləndirməməlidir. Mehdi da əsas qapıçımızdı, onu da itirmək istəməzdik. Bu gün tək onda yox, bütün komandada səhvlər oldu.

- Belə məğlubiyyətlə arxayınçılığın rolu oldu ki, "Sumqayıt" 1-ci yerdə idi?

- Belə deməzdim. Hardasa konsentrasiyamız aşağı oldu. İlk 15-20 dəqiqə pis təsir bağışlamadıq, taktiki düz oynayırdıq.  Standart vəziyyətdən 2 qol buraxdıq. Bu, yaralı yerimizdi. Çempionatda elə "qırğın" gedir ki, hər gün turnir cədvəlində yerdəyişmələr gedir. Sadəcə, bu gün bizim günümüz dyeildi.

- Zədəlilər nə yerdədi?

- İstəməzdim ki, iki müdafiəçimizi birdən itirək. Meydança da ağır idi. Hər iki qapının önü bərbad idi. Bu, futbolçulara mənfi təsir göstərdi.

- Neçənci oyundu faktiki hücumçusuz oynayırsınız. Rəhbərliklə alternativ variantla bağlı düşünmüsüzmü?

- Bizi nə gözləyə bildiyimizi mövsümün əvvəlində demişəm. Bəzi mövqelərdə oyunçularımız yoxdu. Büdcəmizi qurmuşuq, rəhbərliyə bir söz deyə bilmərəm. Qışdan sonra 2-ci hücumçu almağa çalışacağıq. Kimi gəldi də götürmək istəmirəm, eləsi bizə rast da gəlməyib. Əli Qurbaninin itkisi böyük itki oldu.

- 6 qol qorxusu vardı sizdə oyundan əvvəl?

- Məndə heç bir oyunda qorxu olmur. Futbolçularıma demişdim ki, "Qarabağ" yaxşı formadadı. Xüsusilə hücum xəttində. "Qarabağ"la "Sumqayıt"la müqayisə də etmək düzgün deyil. Bizi sevindirən odur ki, hələ ki, güclülərin içində mübarizə aparmalıyıq.

- Yəni, belə hesabla məğlubiyyəti gözləyirdiniz?

- Yox, Hansı bir məşqçi bu hesabı gözləyə bilər? İlk 20 dəqiqəni kiməsə göstərsən, deməz ki, 6 qol buraxaraq uduzarıq.