"Sabah" klubunun zədəli futbolçuları Slavik Alxasov, Filip İvanoviçYevgeni Koçukun durumuna aydınlıq gəlib.

Klubdan verilən məlumata görə, Moldova yığmasının heyətində Yunanıstana 0:2 hesabı ilə uduzduqları görüşdə xəsarət alan Kuçuk bir həftə sonra sıraya dönə biləcək.

Premyer Liqanın IX turunda "Zirə"yə 0:1 hesabı ilə məğlub olduqları qarşılaşmada zədələnmiş serbiyalı müdafiəçi Filip İvanoviç də eyni müddətə sıradan çıxıb. Hər iki oyunçu X turda "Səbail"lə ev matçını buraxacaq.

İvanoviçlə eyni matçda zədələnmiş Slavik Alxasov isə zədəsini bərpa edib. O, böyük ehtimalla, növbəti görüşün heyətində yer alacaq.

Paytaxt təmsilçisində Təmkin Xəlilzadə millinin heyətində koronavirusa yoluxub və hazırda Xorvatiyadadır. Bəhlul Mustafazadə isə uzun müddətdir zədəlidir.

Qeyd edək ki, noyabrın 21-də keçiriləcək "Sabah" - "Səbail" qarşılaşması saat 14:00-da başlayacaq. "Sabah" Premyer Liqada ardıcıl 6 oyundur məğlub olur. (Report)