Azərbaycan futbolunun iki parlaq siması – Qurban Qurbanovla Rəşad Sadıqovun karyerasını vərəqləyəndə maraqlı fakt adamı çaşdırır.

Aralarındakı 10 yaş fərqi futbola başlama və karyeranı başa vurma illərində özünü göstərməkdədir. Lakin 2000-ci ildən 2006-cı ilə qədər hər ikisi futbolçu karyerasını davam etdirib. Klubda və yığmada komanda yoldaşı olublar. Adamı çaşdıran nədir? Qurbanovla Sadıqovun bir dəfə də olsun bir-birinə rəqib olmaması. Nəzər yetirək.

  Qurban Qurbanov                    Rəşad Sadıqov

1999-2001   Fakel                   2000-2001   Turan

2001-2002  Neftçi                   2001-2002   Neftçi

2002     Fakel                          2002-2003   Fulad

2003  Volqar –Qazprom         2003-2005   Neftçi

2003-2005  Neftçi                   2005-2006   Kayserispor

2005-2006   İnter

Göründüyü kimi, 6 il aralığında heç vaxt bir-birinə rəqib olmayıblar. Sanki “ya eyni komandada oynayaq, ya da bir-birimizə rəqib olmamaq üçün nəsə fikirləşəkşəklində sözləşmişdilər.

2006-da karyerasını başa vuran Qurban Qurbanov bir müddət “İnter”də işlədi, ardınca “Neftçi”nin “sükanı” arxasında göründü və yekunda “Qarabağ”da özünə yer etdi. Bu dönəmlərdə də rəqib qismində üz-üzə gəlmədilər. Rəşad aldığı çoxsaylı təkliflərə baxmayaraq, Türkiyəyə üz tutdu, amma “Xəzər Lənkəran”da, “İnter”də, “Bakı”da görünmədi.

2009-cu ildən başlayan (Sadıqov 1 il “Ərzurumspor”da legioner həyatı yaşadı) və 10 il davam edən çətin yol yolçuluğu, nəhayət, bu ilin yayında Rəşadın futbolçu karyerasını başa vurması ilə nəticələndi.

Açığı, “Qarabağ”dan ayrılacağı gözlənilmirdi. Məşqçilik karyerası boyunca da Qurbanovla çiyin-çiyinə davam edəcəyinə ümid edirdik. Lakin yığmada ən çox oyun keçirmiş şəxs millidə ən çox qol vuran adamın yanından ayrılıb, elitada baş məşqçi işləmək həvəsini ortaya qoydu.

Sabah hər ikisi üçün tarixi gündür. 20 ildir bir-birini tanıyan, 10 ildən çoxdur dost-qardaş münasibətində olan Qurban Qurbanovla Rəşad Sadıqov oktyabrın 25-də ilk dəfə “Qarabağ”la “Zirə”nin baş məşqçiləri kimi rəqib qismində fərqli mövqelərdə dayanacaqlar. İlk dövrənin sonuncu turunun sonuncu matçında hər ikisinin niyyəti eyni olacaq: qələbə qazanmaq. Amma futbol ictimaiyyəti üçün hansı komandanın qələbə qazanacağından çox bu iki şəxsi kəllə-kəlləyə görmək maraqlıdır. İllərdir bir-birinin yanından çəkilməyən, saysız-hesabsız “döyüşlərdən” qalib ayrılan ikili bu dəfə rəqib olacaq. Hələ belə şey olmamışdı...

HƏBİB