"İlk növbədə döyüş zonasında olan əsgərlərə uğurlar arzulayıram, hər zaman onların yanındayıq. Bu gün qələbə qazanmaq üçün meydana çıxmışdıq. Bu gün qol vuran komanda qalib gəlməli idi, əfsuslar olsun ki, bu "Neftçi" komandası oldu. Qapımız qarşısında təhlükəli vəziyyət yaratmadıq, lakin bəzi qol epizodları yaratdıq və istifadə edə bilmədik. Rəqibə uğurlar arzulayıram, düşünürəm ki, biz uduzmamalıydıq. "Neftçi" də elə çox təhlükəli epizodlar yaratmadı".

 

Offsideplus.az xəbər verir ki, bu fikirləri "Neftçi"yə qarşı baş tutan matç sonrası mətbuat konfrasından "Keşlə"nin baş məşqçisi Yunis Hüseynov deyib. Təcrübəli mütəxəssis qeyd edib ki, komanda vaxt keçdikcə daha yaxşı oyun sərgiləyir: "Futbolçular pis təsir bağışlamır, getdikcə daha yaxşı olacaq. "Neftçi"nin imkanları bizdən çox olsaydı, deyərdim ki, məğlubiyyətə layiq idik. Yaxşı oynayıb uduzmaq pisdir. Əlbəttə, əsas nəticə yadda qalır. Amma mən də istəyərəm ki, pis oynasaq da, 3 xalı qazanaq".

Hüseynov komandaya qayıdan Sezar Meza Kollinin tam formada olmadığını bildirib:

"O, 5-6 gündür ki, komanda ilə məşq edir. Oyunun gedişatını dəyişmək üçün Sezarı meydana buraxdıq. Tam hazır deyil, 30 dəqiqə oynamaq üçün gücü var idi. Sezar formada deyil, o həmişə bu komandanın aparıcı futbolçularından biri olub. Mən ümumiyyətlə komandamdan narazı deyiləm, hər kəsin futbola baxışı fərqlidir. İmkanlardan istifadə edə bilsəydik, biz qələbə qazanardıq. Əgər mən bu komandaya gəlmişəmsə, deməli, bu mənim komandamdır.

Gələcəkdə yaxşı yerlərdən birini tutacağıq. Buna əminəm. Bizim komandamızın çempion olmaq üçün potensialı var. Hər bir baş məşqçi komandanı çempionluğa kökləməlidir. Nə qədər alınacaq, oyunlarda görsənəcək. Bu gün alınmadı. İmkanlarımız oldu, ötən tur "Səbail"lə görüşdə iki xal itirdik. Bu gün də qol imkanlarımız "Neftçi"dən daha çox idi", - deyə 55 yaşlı mütəxəssis qeyd edib.