“Çətin olacağını bilirdik. "Keşlə"nin gücünə bələdik. Futbolçular "Keşlə"yə qarşı qurduğumuz planları və tapşırıqları istədiyim kimi yerinə yetirdilər. Göstərdikləri hər bir əzmkarlığa görə futbolçularıma təşəkkür edirəm. Qələbəni əsgərlərimizə, şəhidlərimizə həsr edirik. Fəxr edirik ki, belə ölkəmiz və vətəndaşlarımız var".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov Premyer Liqanın 7-ci turunda səfərdə "Keşlə"ni 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonrakı mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis bildirib ki, komandası bu günkü qarşılaşmada yaxşı oynayıb və qələbə ilə davam edərək arzulanan nəticəyə çatacaqlar: "Amma daha yaxşı oynaya bilərik. Meydan amilini də nəzərə almaq lazımdır. Mənim istədiklərimi bu gün meydanda verdilər. Mən, azarkeşlər və hər kəs daha yaxşı "Neftçi" istəyir. Çempionatın bütün matçları çətin olur. Biz yavaş-yavaş istədiyimiz nəticəyə çatacağıq. Hər qələbə futbolçuya özünəinam qazandırır".

Məmmədov qeyd edib ki, oyunçuların fikrini matça yönəltməkdə çox çətinlik çəkib:

"Futbolçuların fikri bilirsiniz haradadır. Bu həftə oyunçularımı məşqə, oyuna kökləmək üçün çox çətinlik çəkmişəm. Hamısının diqqəti cəbhədə baş verən hadisələrdədir".