"Neftçi"lilərin gözləri yolda qalıb.

Hücum xəttindəki boşluqları doldurmaq üçün komandaya cəlb olunan Prins İbara hələ də Portuqaliyadadır. Ucaboy forvard Konqo millisinin Qvineyə ilə keçirdiyi yoldaşlıq görüşü üçün Kriştianu Ronaldonun vətəninə yollanmış, lakin Azərbaycana qayıdanda problemlə üzləşmişdi. COVİD-19-la bağlı verdiyi testin cavabı müsbət çıxmış və karantinə alınmışdı. 

Həmin hadisənin üstündən iki həftə vaxt keçdiyindən, Prinsin taleyi ilə maraqlandıq. "Neftçi"nin Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyev offsideplus.az-a açıqlamasında məsələyə aydınlıq gətirdi: "Prinsin Bakiya qayıtması oktyabrın 21-nə nəzərdə tutulmuşdu. Lakin Portuqaliya dövlətinin pandemiya ilə bağlı öz qayda və tələbləri var. Futbolçumuz növbəti testi vermək üçün lazım olan yerə yaxınlaşıb, ona daha bir həftə gözləməli olduğunu deyiblər. Ümid edirik ki, gələn həftə Bakıya qayıdıb, komandaya qoşular".

Maraq üçün qeyd edək, COVİD-19 testi müsbət çıxan xəstələrin karantində saxlanılması ölkələrə görə 2-4 həftə aralığında dəyişir.