"Sumqayıt" klubunda müqavilələri başa çatan futbolçuların taleyinə bu gün aydınlıq gələcək.
Bu barədə "gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Ayxan Abbasov bildirib. 
"İnanıram ki, bir neçə futbolçu ilə razılaşacaq və müqavilə bağlayacağıq. Bu gün məsələ həll olunacaq və bu barədə rəsmi açıqlama veriləcək" deyə 39 yaşlı mütəxəssis əlavə edib.
Abbasov komandadan ayrılan futbolçuların əvəzinə heyətə yeni oyunçular cəlb etməyə çalışacaqlarını vurğulayıb: "Biz də əlimizi aşağı salıb oturmamışıq. Futbolçular gedibsə, o deməkdir ki, "Sumqayıt" olmayacaq? Elə bir şey yoxdur. Yollarımızı ayırdığımız Peyman Babayi, Mehdi Şərifi, Sərtan Taşkın ötən mövsüm komanda üçün əllərindən gələni etdilər. Transferlərlə bağlı çıxış yolu tapacağıq".    
Baş məşqçi iyulun 16-da və ya 17-də Qəbələyə təlim-məşq toplanışına yollanacaqlarını da diqqətə çatdırıb. 
Qeyd edək ki, "Sumqayıt" koronavirus pandemiyası səbəbindən vaxtından əvvəl dayandırılan Premyer Liqanı 23 xalla 4-cü pillədə başa vuraraq, tarixində ilk dəfə Avropa Liqasına vəsiqə qazanıb. "Gənclik şəhəri" təmsilçisi hələlik Şəhriyar Əliyev, Aleksey İsayev, Sərtan Taşkın, Peyman Babayi və Mehdi Şərifi ilə yollarını ayırıb. ("Report")