Azərbaycan Premyer Liqasının cari mövsüm keçirilən oyunları “Qəbələ” klubunda ən çox oyuna çıxanların siyahısında dəyişikliklərə səbəb olub.

Offsideplus.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, əyalət təmsilçisinin heyətində çıxışını davam etdirən iki futbolçu “20-lik”də yer alıb. Onlardan biri – klubun akademiyasının yetirməsi olan Qismət Alıyev cari mövsümdə bura daxil olub. Oyun sayını 80-ə çatdıran yarımmüdafiəçi Vurğun Hüseynovu “20-lik”dən kənarlaşdırıb. Hazırda Alıyev 17-ci sırada yer alıb.

İndiki heyətdə rekordçu Asif Məmmədovdur. O, cari mövsümdə iştirak etməklə oyun sayını 143-ə çatdırıb. Yarımmüdafiəçi klub tarixində 4-cü sıraya yüksəlib.

Siyahıya 220 oyun keçirən Urfan Abbasov başçılıq edir. Dmitri Bezotosnı 2-ci, Dodo 3-cü sıradadır.

“20-lik”də oyunçuların yarısı 100 və ya daha çox qarşılaşmaya çıxıb. Siyahıda 9 oyunçu yerli, 11-i legionerdir.