“Sumqayıt”ın üzvü İlqar Qurbanov Azərbaycan Premyer Liqasının XVIII turunda “Qarabağ”a (1:0) məğlub olduqları matçı şərh edib.

Offsideplus.az-a açıqlama verən müdafiəçi rəqibin bir epizoddakı boşluqdan yararlandığını bildirib:

“Gərgin oyun keçdi. Futbolçularımız yaxşı mübarizə apardılar. Bir epizodda boşluq oldu. Rəqib də bundan yararlandı. Buna baxmayaraq, yenə də oyundan qopmadıq. Xal alsaydıq, əlbəttə yaxşı olardı. Amma bu matçda qalmamaq lazımdır. Qarşıda daha vacib oyunlar var. Nə qədər az xal itirsək, o qədər yaxşıdır. Buna görə də "Keşlə" ilə qarşılaşmaya hazırlaşmaq lazımdır".

Qurbanov avrokuboklara vəsiqə uğrunda gərgin mübarizənin gedəcəyini də qeyd edib:

"Demək olar ki, çempionatda hər il bu yerlər uğrunda mübarizə aparırıq İnanıram ki, sonuncu turlara kimi də belə olacaq və biz də yarışdan qopmayacağıq. Avropa Liqası şanslarımız barədə danışmaq lazım deyil. Qarşıda vacib oyunlar var. Ondan sonra hər şey bilinəcək".