“Qarabağ”ın üzvü Abdullah Zubir Azərbaycan Premyer Liqasının XVIII turunda “Sumqayıt”ı məğlub etdikləri qarşılaşmanı şərh edib.

Offsideplus.az-a açıqlama verən fransalı yarımmüdafiəçi matçın onlar üçün çətin keçdiyini bildirib:

"Əvvəlki oyunlarla müqayisədə, qarşılaşmaya adət etdiyimiz kimi başlamadıq. Tədricən oyunumuzu nümayiş etdirməyə başladıq. İkinci hissə daha maraqlı oldu. Çoxlu qol vəziyyəti yaratdıq. İstənilən halda, bizim üçün çətin keçdi".

29 yaşlı futbolçu ikinci hissədə real qol şansını qaçırması ilə bağlı sualı belə cavablandırıb:

 "Futboldur, bəzən hər epizodu dəyərləndirmək olmur. Məsələn, ötən tur “Zirə”yə qarşı matçda demək olar, bütün epizodlardan maksimum istifadə etdik. Ancaq bu dəfə yalnız birindən yararlandıq. Üzərimizdə çox işləməliyik ki, gələn oyunlarda qol şanslarını əldən verməyək".

Zubir matçlarda tez-tez yıxılaraq bilərəkdən vaxt uzatmadığını bildirib:

"Xeyr, məndə elə xasiyyət yoxdur ki, vaxt uzadım. Bu dəfə zərbə çox güclü oldu. Hətta oyunu davam etdirmək gücündə deyildim. Məcburiyyətdən meydana girdim. 10 nəfərlə qalmışdıq, amma dəhşətli ağrılar keçirirdim".

Fransalı yarımmüdafiəçi rəqiqlərini aldatmaq istəyinin onun oyun tərzi olduğunu qeyd edib:

"Bu, qətiyyən rəqibi aşağılamağım anlamına gəlməməlidir. Kimisə alçaltmaq niyyətim olmayıb. Uşaqlıqdan alışdığım oyun tərzimdir. Qalib gəlsək də, uduzsaq da, həmişə belə oynamışam. Hamıya hörmətlə yanaşıram".