AFFA "Neftçi"nin veteran futbolçusu Səmədağa Şıxlarovun əməliyyat xərcini ödəmədiyi ilə bağlı yayılan xəbərə aydınlıq gətirib.

Federasiyanın Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Firuz Abdulla Offsideplus.az-a açıqlamasında S. Şıxlarovun əməliyyatı üçün AFFA ilə Respublika Müalicəvi Diaqnostika Mərkəzi arasında müqavilə olduğunu bildirib:

"Səmədağa Şıxlarov əməliyyatı ilə bağlı AFFA-ya müraciət edib. Federasiya tərəfindən onun əməliyyat xərclərinin qarşılanacağı bildirilib. Respublika Müalicəvi Diaqnostika Mərkəzi ilə bu məsələ ilə bağlı müqavilə imzalanıb. Bu gün yayılan xəbərdən sonra xəstəxana ilə əlaqə saxlanılıb və ödənişi müqavilədə qeyd olunduğu kimi AFFA-nın edəcəyi bildirilib. Səmədağa Şıxlarovdan alınan vəsait geri qaytarılacaq".


Qeyd edək ki, Futbol İctimaiyyətinin Həmkarlar İttifaqının İdarə Heyətinin üzvü Anar Xanlarov AFFA-nı sözünü tutmamaqda ittiham edib. O, Səmədağa Şıxlarovun əməliyyat xərcini üzərinə götürən AFFA-nın əməliyyatdan bir neçə gün əvvəl veteran futbolçuya "pul yoxdur" dediyini iddia etmişdi:


"Veteran futbolçumuz bundan əvvəl 5 əməliyyat keçirmiş və AFFA heç birində ona kömək etməmişdi. Bu dəfə AFFA-ya çağırıb, ərizə də yazdırmışdılar. Sonra xəstəxanadan əməliyyat üçün tələb olunan məbləğlə bağlı rəsmi kağız istəmişdilər. Səmədağa müəllim söhbətimizdə bildirmişdi ki, hardasa 6-6.5 min manat pul eləyir. Əməliyyata bir neçə gün qalmış federasiyadan deyiblər ki əməliyat üçün pul yoxdur. Son anda Səmədağa müəllim ailəsinin, qohumların, dost-tanışın çətinliklə topladığı pulla əməliyyata girib".

Zeynəb Əliyeva