“Keşlə”nin qış fasiləsində transfer etdiyi Aleksandr Kristovao Azərbaycan Premyer Liqasının XVII turunda “Neftçi” ilə keçirilən oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Offsideplus.az həmin müsahibəni təqdim edir:

- Azərbaycan Premyer Liqasında artıq 3-cü oyununuzu keçirdiniz. Çempionat barədə nə deyə bilərsiniz?
- Nəsə demək çox çətindir. Çünki burada hələ 3-cü oyunumdur. Çox vacib görüşdə də məğlub olduq. Oyunum haqda hələlik yaxşı bir söz deyə bilmərəm. Son iki görüş pozitiv keçmədi.

- Çempionata tez uyğunlaşa bildinizmi?
- Əlbəttə ki, mövsümün ortasında gəlib, kollektivə uyğunlaşmaq asan deyil. Amma bu mənim işimdir. Tez bir zamanda komandaya fayda vermək üçün əlimdən gələni edəcəyəm.

- Mövsümün əvvəlində “Sabah”da baxışda olmuşdunuz və hətta bəyənilmişdiniz. Həmin vaxt “Sabah”la niyə anlaşmamışdınız?
- Daha yaxşı təklif gələcəyini gözləyirdim. Orada mənim üçün o qədər də rahat deyildi. Bu üzdən də Buxarest “Dinamo”su ilə müqavilə bağlamağı üstün tutdum.

- Azərbaycan çempionatına uyğunlaşmaq üçün nə qədər vaxt lazımdır?
- Bu barədə nəsə deyə bilmirəm. Mənim üçün ən vacibi tezliklə uyğunlaşmaqdır.

- “Keşlə”nin “vuran ayağı” Lorenzo Frutos sayılır. Onunla rəqabət aparmağa hazırsınız?
- Frutos “Keşlə”nin əsas futbolçularından biridir. Onun burada olmağı məni daha güclü edir. Belədə öz üzərimdə daha çox çalışıram. Kimin oynayıb, kimin ehtiyatda oturması baş məşqçinin qərarından asılıdır. Mən özümə fikir verirəm. Əsas heyətdə yer qazanmaq üçün daha yaxşı olmağa çalışıram.

İlkin Sultanlı