Bu gün AFFA Həmkarlar ittifaqı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət etmək üçün konfrans təşkil edəcəkdi.

Offsideplus.az xəbər verir ki, tədbir "Altus" otelin imtinası səbəbindən keçirilə bilməyib. Təşkilat üzvləri AFFA-nın sifarişindən sonra məkan rəhbərliyinin belə addım atdığını bildiriblər.

Məsələ ilə bağlı "Altus" otelinin Qeydiyyat Şöbəsinin rəhbəri İbrahim Qafarov saytımıza açıqlamasında konfransın keçirilməməsinin səbəbini açıqlayıb:

"Təxminən 3-4 gün əvvəl onların nümayəndələrindən biri gəlib konfrans zalına baxdılar. Hətta müəyyən qədər Kamil Abdulla adına beh də verdilər. Saatlıq anlaşmaya razılaşdıq. Konfrans zalının altında su torbaları partlayıb. Otağı su basmışdı Otağın quruması üçün çalışmalara başladıq. Su torbalarının  təmir üçün  işləri görürük. Hadisə dünən baş verdi. Biz də Kamil bəylə əlaqə saxlamağa çalışdıq. O bizə telefon nömrəsini vermədiyi üçün konfrans iştirakçıları ilə danışa bilmədik. Burada deyirlər ki, kiməsə veriblər. Bizdə kameralar səs yazmasa da, görüntülər var. Araşdırma apardım bu barədə heç kimə qəti şəkildə nömrə verilməyib. Biz öz əlaqə vasitələrimizi onlara vermişik ki, gəlməmişdən 3-4 saat əvvəl bizə zəng etsinlər. Lakin onlar saat 2-ə işləmiş gəldilər. Biz deyəndə ki, alınmır, aləm dəydi bir-birinə. Müəyyən problemlər yaşadıq. Bizə bildirdilər ki, məhkəməyə verəcəklər. Hansı əsasla başa düşə bilmirəm. Müqavilə yoxdur, bir şey yoxdur. Danışıq aparmışıq, fors-major hal baş verib və alınmayıb. Verdikləri behi də geri qaytarmışıq. Əlaqə vasitələrini verməməkləri öz problemləridir".

Otel rəsmisi AFFA-dan heç bir tapşırıq almadıqlarını da bildirib:

"Biz özəl müəssəsəyik. Həmişə istəyirik ki, konfrans zalımız fəaliyyət göstərsin. Texniki problem yaşanıb və bunu həll etməyə çalışırıq. 2-3 saat əvvəldən gəlsəydilər, onlara köməklik edə bilərdik ki, başqa bir yerlərlə əlaqə saxlasınlar. Problemi bildirən kimi bizlə tutuşmağa başladılar. Kimlərdənsə sifariş aldığımızı dəfələrlə bildirdilər. Biz pul qazanmaq istəyirik. Konfransın keçirilməməsinə görə həm maddi, həm də mənəvi ziyan görmüşük. Heç bir halda, heç kim bizim işlərimizə müdaxilə edə bilməz".

llll

 

Sultan SoY