“Qarabağ”ın yeni transferi Ovusu Kvabena klubun rəsmi saytına açıqlama verib.

Offsideplus.az xəbər verir ki, qanalı hücumçu Ağdam klubuna keçdiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirib: “Qarabağ”a gəldiyim üçün xoşbəxtəm. Çempionlar Liqası və Avropa Liqasında çıxış edən bir klubda oynamaq arzum idi. Ümid edirəm ki, burda hər şey mənim üçün yaxşı olacaq. Azərbaycanın 6 dəfə ardıcıl çempion olan komandasına gəldiyimi və azarkeşlərin məndən çoxlu qollar gözlədiyini yaxşı başa düşürəm. Əlimdən gələnin ən yaxşısını edəcəm. “Qarabağ”dan təklif gələndə burda heç kimi tanımırdım. Bilirdim ki, iki il öncə Çempionlar Liqasında çıxış edib. Və belə klubda oynamaq mənim üçün arzu idi, təklif gələndə çox sevindim. Gənc futbolçuyam və bu təklif mənim üçün əla imkandır. Öz şəxsi hədəfim haqda heç nə deməyəcəm, məncə, ən yaxşısı elə meydanda göstərməkdir. Bilirəm, azarkeşlər indi fikirləşir ki, mən necə futbolçuyam. Ümid edirəm ki, oyunumla özümü onlara sevdirəcəm”.

Qeyd edək ki, “Qarabağ”ın 22 yaşlı hücumçu Ovusu Kvabena ilə 3,5 illik müqavilə imzalayıb.