"Qarabağ" klubu Pedro Enrikeni geri qaytarmağa hazırlaşır.

Offsideplus.az xəbər verir ki bu barədə sosial şəbəkədə məlumat yayılıb. Komanda Pedro ilə danışıqların son mərhələsindədir. Əslində, braziliyalı legionerin ötən həftə Azərbaycana qəfil səfəri bununla əlaqədardır. "Zirə" ilə qarşılaşmanı canlı izləyən yarımmüdafiəçi klubun rəhbərliyi ilə və baş məşqçi Qurban Qurbanovla görüşüb.

Pedro avqustda "Kayserispor" ilə 3 illik müqavilə bağlayıb. Kayseri təmsilçisi bu transfer üçün PAOK-a 650 min avro ödəyib. İndi iş ondadır ki, Türkiyə klubu üzərinə götürdüyü maliyyə öhdəliklərini yerinə yetirmir. Super Liqa təmsilçisi 2 aydan artıqdır "sambaçı"nın əməkhaqqını ödəmir. Pedro artıq Türkiyə Futbol Federasiyası və FİFA-ya bununla bağlı şikayət məktubu göndərib. O, müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi məsələsini qaldırıb.

"Qarabağ" hazırda bu prosesin bitməsini və rəsmiləşməsini gözləyir. Bir problem çıxmasa, klubumuz Pedro ilə yanvarda 1+1 illik müqavilə imzalayacaq.