Futbol üzrə Azərbaycan Premyer Liqasının V turunda əlamətdar hadisə qeydə alınıb. 

Offsideplus.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, ölkə çempionatları tarixinin ümumi cədvəlində lider dəyişib. 1992-ci ildən keçirilən yarışın cədvəlində uzun illər lider olan “Neftçi” ilk pilləni əldən verib. Zirvəyə Premyer Liqada son 6 mövsümün çempionu “Qarabağ” yüksəlib.

V turda “Zirə”ni 3:1 hesabı ilə üstələyən Ağdam klubu qələbəyə görə üç xal prinsipi ilə hesablanan cədvəldəki xalını 1496-ya çatdırıb. Eyni sayda – 782 matç keçirən “Neftçi” isə bir xal geri qalır.

“Qarabağ” 782 oyunda 439 qələbə qazanıb, 179 heç-heçə edib və 164 dəfə uduzub. Flaqman isə 441 qələbə qazanıb, 172 heç-heçə edib və 169 dəfə məğlub olub.

Ağdam təmsilçisi Azərbaycan Premyer Liqasının cari mövsümündə ilk qolunu da buraxıb. Ağdam klubunun quru seriyası “Zirə” ilə V turun matçında qırılıb. 3:1 hesablı qələbə qazanan əyalət klubunu 88-ci dəqiqədə Xulio Sezar Rodriges məyus edib.

İlk 4 turda “Keşlə”ni 1:0, “Qəbələ”ni 3:0, “Səbail”i 4:0, “Neftçi”ni 2:0 hesabı ilə məğlub edən ölkə çempionu son qolunu ötən mövsüm buraxıb. 2018/19 mövsümünün XXVIII turunun mayın 11-də baş tutan qarşılaşmasında “Neftçi”ni 3:2 hesabı ilə məğlub edən ağdamlılar iki dəfə topu qapısında görüb. "Neftçi"nin sabiq futbolçusu Canluka Sansonenin 40-ci dəqiqədə vurduğu qoldan 135 gün sonra çempionun qapısına yol tapmaq mümkün olub. “Qarabağ”ın quru seriyası 498 dəqiqə sürüb.