Premyer Liqamızın 4-cü turunda qarşılaşdığı “Zirə” ilə qarşılaşmanın ardından 1 günlük istirahətə buraxılan “Sumqayıt” bu gündən “Sabah”la oyunun hazırlığına start verib.

Offsideplus.az xəbər verir ki, komanda baş məşqçi Ayxan Abbasovun rəhbərliyi ilə saat 16:30-da "Sumqayıt Arena"nın ehtiyat meydançasında məşqə çıxıb. 

Yüngül zədəsi olan Murad Xaçayev və Rail Məlikov fitness zalında çalışıblar. 1.5 saat davam edən məşqdə əvvəlcə müxtəlif fiziki hərəkətlər icra edilib. Daha sonra isə topla çalışmalar və ikitərəfli oyunla günə yekun vurulub. Komandanın növbəti məşqi sabah eyni vaxtda keçiriləcək.

Qeyd edək ki, sentyabrın 21-də "Sumqayıt Arena"da keçiriləcək “Sumqayıt” - “Sabah” qarşılaşmasına saat 17:30-da start veriləcək.