"Neçə ildir Azərbaycanda yaşayıram. Ölkənin tarixini bilirəm. Amma məsələnin digər tərəfindən xəbərim yoxdur".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Neftçi"nin ukraynalı müdafiəçisi Kiril Petrov ölkəsinin mətbuatına müsahibəsində deyib. Rusiya ilə Ukrayna arasındakı siyasi gərginlidən söz açan futbolçu bunu Azərbaycan-Ermənistan münaqişəsinə bənzədib. 29 yaşlı oyunçu 1992-ci ildə ermənilər tərəfindən törədilən Xocalı soyqırımına da toxunub:

"Burada hansısa kənddə soyqırım olub. Ermənilər ora girib, hamını - uşaqları, hamilə qadınları öldürüblər. Dəhşətli hadisələr olub. Bakıda Xocalı prospekti var və həmin hadisələrə görə abidə ucaldılıb. Bu, azərbaycanlıların erməniləri sevməməsinin səbəblərindən biridir. Hər şeyi bilmədiyim üçün çox danışa bilmirəm. Bu, siyasi məsələ olduğundan, çox qarışmaq istəmirəm.

Bu, Rusiya ilə Ukrayna arasında olan məsələyə oxşayır. Amma biz heç vaxt onlarla qardaş kimi olmamışıq. çünki həmişə fərqlənmişik. həm xarakter baxımından, həm də digər aspektlərdə. Onlar heç vaxt mənim üçün qardaş olmayıblar. Qoy, mənim soyadım Petrov olsun. Bilmirəm, hansısa babamdan qalıb. Məni burada rus hesab etmirlər. "Kirilo" çağırırlar".

Petrov deyir ki, Azərbaycanda rusları sevmirlər: "Mənə deyildiyi kimi, 1990-cı ildə Rusiya bu ölkəni işğal etmək istəyib. Amma insanlar tankların qarşısına çıxaraq, buna imkan verməyiblər. Öz hüquqlarını və müstəqilliklərini qoruyublar. Bura az sayda rus gəlir. Onlar özlərini bizim kimi aparmırlar. Biz daha mehriban və sakitik. Onlar isə təkəbbürlüdürlər. Görünüşümüz oxşasa da, tamam fərqli millətik".